Jaguar şirkəti 2019 Vision Gran Turismo Coupe modelinin təkamülü olan Vision GT SV virtual yarış elektromobilini təqdim edib. GT SV daha mükəmməldir: o, ümumi gücü 1903 at qüvvəsi olan dördmühərrikli elektrik güc qurğusunu alıb. Hiperkar 100 km/saat həddinə 1,65 saniyəyə sürətlənir. Keçən ilki Vision Gran Turismo Coupe kimi, yeni hiperkar da Gran Turismo oyunu üçün nəzərdə tutulub. Bununla belə, hiperkarın natural ölçüdə olan real nüsxəsi də yaradılacaqdır.
Avtomobilin hər bir təkərinə bir elektrik mühərriki quraşdırılıb və onlardan hər birinin bir pilləli reduktoru var. Keçən ilki Vision Gran Turismo Coupe ilə müqayisədə elektrik qurğusunun gücü 1020-dən 1903 at qüvvəsinə, fırlanma anı isə 1200-dən 3360 Nm-ə qədər artırılıb. Maksimal sürət də artıb - indi virtual hiperkar 322 km/saata deyil, 410 km/saata qədər sürətlənir. Bundan əlavə, Vision GT SV modeli ağıllı tam ötürmə və təkərlərdəki dartma qüvvəsinin optimallaşdırması ilə təchiz edilir.
Virtual hiperkarın yaradılması üzərində Jaguar Design mütəxəssisləri, Jaguar Racing komandası və SV şöbəsi işləyib. Vision GT SV modeli kompozit materialdan hazırlanmış yüngülləşdirilmiş axıcı kuzova malikdir. Futuristik dizaynın bəzi elementləri markanın klassik modellərindən götürülmüşdür, məsələn, qanadların cizgiləri C-type və D-type avtomobillərini xatırladır.
Bununla birlikdə, aerodinamikaya xüsusi diqqət yetirilib. Yeni, daha iri ön splitter və qatlanan arxa antiqanad (XJR-14 yarış avtomobilinə ithaf edilib) yerəbasma gücünü və təkərlərin yerlə ilişməsini artırmağa imkan verib. Ön bamperdəki dəlikləri öz növbəsində havanı ön təkərlərin üzərindən istiqamətləndirir, beləliklə turbulentliyi azaldır və hava axınına avtomobilin arxa hissəsinə maneəsiz yönəlməsinə kömək edir.
Aşağıda, ön oxun arxasında kil elementi yerləşdirilib - onun vəzifəsi yüksək sürətlə hərəkət zamanı sabitliyi təmin etmək və hava axınını sürətləndirərək təzyiqini azaltmaqdir. Vision GT SV modelinin aerodinamik müqavimət əmsalı 0.398 Cx-dir, 322 km/saatda olan yerəbasma gücü isə 483 kiloqramdır.
Salonda, yeni texnoloji TypeFibre parçası ilə örtülmüş iki anatomik yarış kreslosu quraşdırılır. Yeni parça dərinin ekoloji alternatividir və davamlılıq baxımından ondan geri qalmır. Bu parçadan gələcəkdə ABB FIA Formula E Dünya çempionatının yeddinci mövsümü zamanı I-Type 5 modelində istifadə edilməsi planlaşdırılır.