Jaguar XE və XF modellərinin modifikasiya çeşidinə 300 Sport indeksli yeni versiya əlavə edilib. Belə avtomobillər 2,0-litrlik Ingenium benzin turbomühərriki, səkkiz pilləli “avtomat” və tam ötürmə sistemi ilə təklif olunurlar.
300 Sport indeksli modellərin təchizatına adaptiv asqı, 20-düymlük təkər diskləri və antixrom paket daxildir, üstəlik alıcılar iki premium metal boya rəngindən birini seçə bilərlər. 300 Sport versiyaları hələlik yalnız Böyük Britaniya bazarı üçün nəzərdə tutulublar. Orada onların qiyməti 42 345 funt sterlinq və 47 730 funt sterlinqdir.
Jaguar XE 300 Sport
Jaguar F-Pace krossoverindən sonra XE və XF modelləri də 300 Sport versiyasını alıblar. Doğrudur, ümumi addan başqa, modellər arasındakı ortaq cəhətlər çox azdır. Hətta texnologiyada da fərqlər var.
Əgər krossover 3,0-litrlik Ingenium turbodizeli (300 at qüvvəli, 650 Nm) ilə təchiz edilirsə, sedan və universallar səkkiz pilləli “avtomat” və tam ötürmə sistemi ilə birlikdə çalışan 2,0-litrlik benzin “turbodördlüyünü” (300 at qüvvəsi, 400 Nm) əldə ediblər. XE 300 Sport modeli 100 km/saat həddinə 5,9 saniyəyə, XF sedanı və XF Sportbrake universalı isə müvafiq olaraq 6,1 və 6,2 saniyəyə sürətlənirlər.
Jaguar XF 300 Sport
300 Sport modellərinin təchizatına adaptiv amortizatorlar, Black Pack antixrom paketi, qara parlaq rəngli dam örtüyü, həmçinin tünd şüşələr və 20-düymlük təkər diskləri daxildir.
XE 300 Sport və XF 300 Sport modellərinin kuzov boyası palitrasında premium Carpathian Grey (boz) və Silicon Silver (gümüş) metallikləri də daxil olmaqla, bu modellər üçün əlçatan olan bütün rənglər var. Panoram dam opsiyadır və o, universalda tam bağlı, sedanda isə açılandır.
XE və XF modellərinin salonları Monogram Aluminium (alüminium) və ya Satin Charcoal Ash (göyüş) dekorativ əlavələri, metaldan hazırlanmış sükanaltı ləçəklər və pedallar ilə seçilirlər. Pivi Pro multimedia sistemi Amazon Alexa səs köməkçisini dəstəkləyir.
Böyük Britaniyada XE 300 Sport və XF 300 Sport modellərinə sifarişlərin qəbuluna aprelin 28-də başlanacaqdır. XE sedanın qiyməti 42 345 funt sterlinqdən başlayır. XF modeli üçün 47 730 funt sterlinq, XF Sportbrake universalı üçün isə 49 005 funt sterlinq tələb edilir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.