Bu gün Jaguar şirkəti yeni nəsil XF modelinin universal kuzovlu variantının ilk rəsmi fotoşəklini dərc etmişdir. Bildiyimiz kimi, bundan bir müddət əvvəl Jaguar şirkətinin Spotbrake modifikasiyasından imtina edəcəyi barədə söz-söhbətlər yaranmışdı. Səbəb kimi universal kuzovlu avtomobillərə olan cüzi tələbat göstərilmişdi.
Yeni Jaguar XF Sportbrake modelinin 2017-ci ildə debüt edəcəyi bildirilmişdir. Modelin əsasını alüminium monokoku olan modul platfomasının uzadılmış variantı təşkil edəcəkdir. Universal sedan kuzovlu modifikasiyadan ön işıq texnikasını, F-Pace krossoverindən isə arxa fənərləri alacaqdır.
Universalın baqaj bölməsinin həcmi 600 litr təşkil edəcəkdir. Arxa cərgənin oturacaqlarının qatlanması halında bu rəqəm 1700 litrə qədər arta bilər. Jaguar XF Sportbrake modeli İngenium ailəsinə daxil olan iki litrlik benzin və dizel güc aqreqatları, həmçinin V6 mühərrikləri ilə təchiz ediləcəkdir. Universalın “qaynar” varianti 380 at qüvvəli üç litrlik kompressorlu mühərriklə hərəkətə gələcəkdir. Jaguar XF Sportbrake modelinin ekstremal SVR modifikasiyasının da hazırlanacağı istisna edilmir. Bu modifikasiya Audi RS6 Avant modelinə rəqib ola bilər.
Jaguar XR Sportbrake SVR universalı 5,0-litrlik kompressorlu V8 mühərriki ilə təchiz edilə bilər. Hal-hazırda Jaguar F-Type SVR və Range Rover Sport SVR modellərində quraşdırılan mühərrik 575 at qüvvəsinə malikdir. Yeni universalın rəsmi təqdimat mərasimi 2017-ci ildə keçiriləcək Frankfurt avtosalonunda baş tuta biləcəyi söylənilir.