Jaguar şirkəti yenilənmiş XF modelini təqdim edib. Model tamamilə fərqli elektron içalata malik olan tamamilə yeni interyerə sahib olub və mühərrik sırası ixtisara salınıb. Bununla belə, modelin eksteryerindəki dəyişikliklər cüzi xarakter daşıyır.
Jaguar şirkətinin eksteryer dizaynına cavabdeh olan Adam Həttonun bildirdiyinə görə, restaylinqin əsas məqsədi orta ölçülü XF modelini daha yığcam XE modelindən uzaqlaşdırmaq, eyni zamanda qohum F-Pace krossoverinə daha çox bənzər etmək olub. Qeyd etmək gərəkdir ki, yenilənmiş krossoverin onlayn təqdimatı üç həftə əvvəl Geydondakı yeni Jaguar Dizayn Mərkəzində keçirilib.
Yenilənmə bənzər üslubda aparılıb, bununla belə, dəyişikliklər cüzi xarakter daşıyır: yalnız plastikdən olan hissələr dəyişdirilib, bütün metal ştamplamalar isə dəyişilməyib. Məsələn, ölçüləri böyüdülmaş radiator barmaqlığı pətək şəkilli tərtibata sahib olub. Bundan başqa,ön bamperdəki hava girişləri də böyüdülüb. Ön fənərlərin forması qoruyub saxlansa da, onlar matrisa tipli LED işıqlara və cütlənmiş "J" hərfi şəklində olan gündüz hərəkət işıqalrına sahib olublar.
Arxa bamperə xrom zolaq əlavə edilib, arxa işıqları isə tündləşdiriblər. Bundan başqa, Jaguar XF modeli üçün 18-20 düym arasında ölçüləri olan üç yeni təkər diskləri təklif edilir.
İnteryer tamamilə yenidir və ön panelin arxitekturasının F-Pace krossoverindən götürüldüyü diqqəti çəkir: virtual cihazlar paneli və Pivi Pro multimedia sisteminin nəhəng ekranı peyda olub, transmissiyanın selektoru şayba ilə əvəzlənib. Üçqollu sükan çarxı I-Pace elektromobilindən götürülüb.
Digər maraqlı yeniliklər arasında ionizator, həmçinin ultra xırda hissəciklər və alergenləri tutma qabiliyyətinə malik olan PM2.5 filtri ilə təchiz edilmiş iqlimə nəzarət sistemi, aktiv səs-küy böğma texnologiyası da var.
Şassi arxitekturası əvvəlki kimi qalır, lakin elektron platforma tamamilə yenidir. Britaniyalılar onu EVA 2.0 (Electronic Vehicle Architecture) adlandırırlar. Bu platformanın əsas elementi I-Pace elektromobilində və F-Pace krossoverində tətbiq edilən yeni Pivi Pro multimedia sistemidir.
Multimedia sisteminin əsas xüsusiyyətlər aşağıdakılardır: əyri şüşəli 11,4-düymlük ekran, iki Qualcomm Snapdragon 820Am prosessoru, Blackberry QNX real vaxt əməliyyat sistemi, striminq servislərindən musiqi dinləməyə və proqram təminatını yeniləməyə imkan verən modem cütlüyüdür. Sistem, Apple CarPlay və Android Auto protokollarını dəstəkləyir, həmçinin istifadəçilərə eyni anda iki telefonu Bluetooth vasitəsilə birləşdirməyə imkan verir.
Bununla belə, modelin mühərrik çeşidi ixtisara məruz qalıb. Bundan əvvəl Jaguar XF modelinin alıcılarına doqquz mühərrik seçimi təklif edilirdi: Ingenium ailəsindən olan benzin və dizel "dördlükləri", üstəlik 3,0-litrlik V6 mühərrikləri.
İndi Jaguar XF modeli üç mühərriklə təchiz ediləcəkdir. Bu mühərriklər Ingenium ailəsindən olan 2,0- litrlik dördsilindrli mühərriklərdir. Güc aqreqatları yalnız səkkiz pilləli "avtomat" ilə tandemdə çalışacaqdırlar.
204 at qüvvəsinə sahib olan yeganə dizel mülayim hibriddir. Hər iki benzin mühərriki isə, ikinövbəli turbokompressorlar və CVVL klapan qaldırıcı sistemi ilə təchiz olunurlar. Bu mühərriklər 250 və ya 300 at qüvvəsi hasil edirlər.
Jaguar F-Pace krossoveri yeniləmə zamanı Ingenium ailəsindən olan altısilindrli mühərrikləri əldə etsə də, XF ailəsi hələlik belə mühərriklər ilə təklif olunmurlar. Yenilənmiş Jaguar XF modelinin satışlarına 2021-ci ilin yazında başlanacaqdır.