Bir vaxtlar tanıdığımız Jaguar brendi tezliklə öz fəaliyyətini dayandıracaq. Hələ üç il bundan əvvəl onun üçün şok yenidən işə salınma planı hazırlanıb, çünki britaniyalıların Mercedes-Benz, BMW və Audi şirkətlərinə çatmaq cəhdləri uğursuz alınıb.
Çeşiddə krossoverlərin peyda olması əvvəlcə satışlara müsbət təsir göstərsə də (2018-ci ilə satışlar rekord həddə - 180 min avtomobilə qədər artıb), sonradan satış rəqəmləri sürətlə əvvəlki səviyyəyə düşüb. 2023-cü ildə cəmi 66 866 ədəd Jaguar satılıb ki, bu da JLR konserninin ümumi satışlarının cəmi 15,5 faizini təşkil edir. Nəticədə, tarixi brendi “yenidən işə salmaq” qərara alınıb.
XE, XF və F-Type minik modellərinin istehsalı cari ilin birinci yarısında dayandırılıb. E-Pace və I-Pace krossoverləri isə, dekabrın sonunda istefaya göndəriləcəklər. 2025-ci ilin əvvəlində F-Pace modeli də eyni tale ilə üzləşəcək.
Plana əsasən, Jaguar lüks seqmentdə daha yüksək səviyyəyə qalxacaq və çox bahalı elektromobilləri istehsal etməyə başlayacaq ki, bu da ona böyük satış həcmlərinin arxasınca qaçmağa deyil, diqqəti pul qazanmağa yönəltməyə imkan verəcək. İndi isə, yeniliklərin hansı üsluba malik olacaqları açıqlanıb.
Bu gün Mayami İncəsənət Həftəsində nümayiş etdirilən Jaguar Type 00 konsepti brendin gələcək fəaliyyət istiqamətini göstərən manifestdir. Yeni loqotiplər, yeni dizayn, yeni özünü identifikasiya - bu şou-karda əvvəlki “yaquarlardan” yalnız sıçrayış zamanı donmuş pişiyin təsvirləri qalıb.
Üstəlik, onlar yalnız ön qanadlarda yerləşən yan arxa görüntü kameralarının kiçik qapaqlarında yer alıblar. Avtomobilin adındakı iki sıfır emissiyanın sıfır səviyyəsində olduğuna və markanın təkamülü üçün yeni başlanğıc nöqtəsinin statusuna işarə edir.
Jaguar brendinin baş dizayneri Cerri MakQovern təqdimatda - "bəziləri bu dizaynı indi, bəziləri daha sonra sevəcək, bəziləri isə, heç vaxt sevməyəcəklər - və bu, normaldır" - deyə bildirib. Avtomobilin görünüşünü təsvir edilən korporativ mətnlərdə "fearless" (“cəsarətli”) termininə daha çox rast gəlmək olar.
Jaguar Type 00 – “kəpənək qanadları” formasında qapıları, yalançı baqaj qapağı (o, paraleloqram mexanizm vasitəsi ilə qalxır) və 23-düymlük təkər diskləri olan böyük, brutal kupedir.
İki nəfərlik interyerin dizaynında da əvvəlki “yaquarlardan” əsər-əlamət yoxdur. Bu salonda üstünlük təşkil edən xüsusiyyətlər - ön paneldəki iki yuxarı qalxan displey və ön şüşədən baqaj hissəsinə qədər uzanan 3,2 metr uzunluğundakı mərkəzi tirdir.
Tərtibatdakı üç əsas material - oturacaqlar üçün bahalı parça, bəzək üçün - mis və mərkəzi qutu üçün travertin daşıdır. Ağacdan və ya dəridən istifadə haqqında heç nə deyilmir.
Maraqlı xüsusiyyətlərdən biri sol ön qanaddakı əlavə bölmədir: onun sürüşərək açılan qapağının altında ayrıca qutu gizlənir ki, orada üç kiç (latun, travertin və alebastrdan hazırlanmış) saxlanılır.
Planlaşdırıldığı kimi, hər səfərdən əvvəl avtomobil sahibi onlardan birini seçməli və salondakı xüsusi bölməyə yerləşdirməlidir: ekranın qrafikası, işıqlandırma və səslə müşayət məhz bu elementin seçimindən aslıdır. Bununla belə, seriya avtomobilində bu seçim çox güman ki, proqram təminatı tərəfindən həyata keçiriləcək.
Jaguar Type 00 brendin gələcək elektromobilləri haqqında təsəvvür yaratsa da, çeşiddə məhz belə avtomobil olmayacaq. 2025-ci ilin sonuna gözlənilən ilk seriya modeli, konsept üslubunda dizayna malik olan iri dördqapılı GT olacaq. Bu yaxınlarda şirkət hətta kamuflyajlı prototipin sınaq zamanı çəkilmiş şəkillərini dərc edib.
O, hələ təfərrüatları açıqlanmayan ayrıca JEA (Jaguar Electric Architecture) platformasına əsaslanacaq. Yalnız bir sıra hədəf parametrlər elan edilib: güc - təxminən 1000 at qüvvəsi, dolu batareya ilə yürüş məsafəsi - WLTP dövrünə əsasən 770 kilometr. 15 dəqiqə ərzində yürüş ehtiyatını 320 kilometrə qədər artırmaq mümkün olacaq.
Yeni dövrün ilk Jaguar avtomobili 2026-cı ildə bazara çıxacaq, Böyük Britaniyada istehsal olunacaq və ən azı 120 min funt sterlinqə satılacaq. Onun ardınca eyni JEA platformasında inşa ediləcək daha iki model vəd edilir - çox güman ki, onlar kupeşəkilli krossover və nümayəndəlik sedanı olacaqlar.
Bu arada Jaguar əvvəlki avtomobillərinin ehtiyatını satacaq, imicini dəyişmək üzərində işləyəcək, həmçinin diler şəbəkəsini azaldaraq, onların islahatını həyata keçirəcək. Yalnız seçilmiş butiklər dəbdəbəli elektromobilləri satacaq və onlardan birincisi Parisdə açılacaq.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.