Beynəlxalq Avtomobil Federasiyasının (FİA) dərc etdiyi rəsmi bəyənatda, Çin Qran Prisindən başlayaraq sıralama turları keçənilki formatda keçiriləcəyini təsdiq etmişdir. Artıq FİA köhnə formatın qaytarılması barədə təklifini F1 komissiyasına göndərmişdir. Federasiyanın bəyanatında o da qeyd edilmişdir ki, komandalar tərəfindən federasiyaya göndərilmiş məktubda, onlar Ekklstoundan və Jan Todtdan köhnə formatın qaytarılmasını xahiş etmişdirlər.
Komandaların qəbul etdiyi yekdil qərar, Ekklstounu və Todtu, azərbaycanlılar demişkən «daşı ətəklərindən töküb» geri çəkilməyə məcbur etmişdir. Eyni zamanda komandalar pilotların fikrini dəstəkləyərək formatın dəyişdirirlməsinin avtomobil idmanının xeyrinə olacağını bildirmişdilər.
Öz növbəsində F-1.az «Formula 1 Azərbaycanda» saytının bildirdiyinə görə, FİA-nın bu barədə dərc etdiyi rəsmi bəyanatda belə deyilir: «Komandaların yekdil qərarını əks etdirən bugünkü məktubdan sonra FİA-nın prezidenti Jan Todt və çempionatın kommersiya başçısı Berni Ekksltoun çempionatın maraqları naminə qərara alıblar ki, F1 Komissiyasının və FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurasına 2015-ci ilin sıralanma turu formatına qayıtmasını təsdiq etməsi təklif olunsun.
Bu təklif yuxarıdakı təşkilatlar tərəfindən təsdiq olunarsa, onda Çin Qran Prisindən qüvvəyə minəcək və mövsümün sonunadək qüvvədə qalacaq. Jan Todt və Berni Ekksltoun komandaların gələn mövsümün həftəsonu formatının geniş müzakirə olunması təklifini də bəyəniblər».












