Məşhur JE Design atelyesi rəsmi olaraq Seat şirkətinin ilk krossoveri olan Ateca modeli üçün hazırladığı tüninq proqramını təqdim edib. Populyar SUV seqmentindən olan avtomobil aerodinamik və estetik məna daşıyan bir neçə sadə aksessuara və mühərrikin gücünü cüzi şəkildə yüksəldən idman buraxılış sistemi ilə təchiz edilmişdir.

Beləliklə JE Design mütəxəssisləri tərəfindən təkmilləşdirilmiş Ateca krossoveri ön bamperin yuxarı hissəsi üçün nəzərdə tutlan gümüşü və ya qara rəngli müdafiə zolaqlarını əldə etmişdir. Bundan başqa, avtomobilin təchizatına aerodinamikanı yaxşılaşdıran və yanacağa sərf etməyə imkan verən arxa spoyler daxil edilmişdir. Əlavə olaraq, JE Design mütəxəssisləri orijinal amortizatorlar ilə birgə çalışan 30 millimetr gödəldilmiş yayları da təklif edirlər. Tüninq keçmiş krossover unikal 19-düymlük təkər disklərini də əldə etmişdir. Lakin, müştərinin arzusu ilə atelye mütəxəssisləri 20 və 21-düymlük təkər disklərini də quraşdıra bilərlər. Sonuncu disklər qara və ya qrafit rənginə boyanır, 245/30ZR21 və ya 255/30ZR21 təkərləri ilə təchiz edilirlər.

Eyni zamanda atelye mütəxəssisləri Seat Ateca üçün iki müxtəlif buraxılış sistemini hazırlamışdırlar. Birinci halda dörd ədəd 80-millimetrlik boruların, ikinci halda isə 160x90 millimetrlik oval formalı iki borunun quraşdırılması nəzərdə tutulmuşdur.

190 at qüvvəli 2,0-litrlik dizel mühərriki ilə təchiz edilmiş krossover üçün də kiçik dəyişikliklər  nəzərdə tutlmuşdur ki, bu proqram da dizel mühərrikin fırlanma anını 400 Nm-dən 430 Nm-ə qədər artırılmasını təklif edir.