Jeep şirkəti qarşısına iddialı bir məqsəd qoyub: amerikan markası bu ilin sonuna kimi Avropa ölkələrinin əksəriyyətində tam şəkildə hibrid modellərə keçmək niyyətindədir. Hazırda Jeep markasının Avropadakı satışlarının yalnız 25 faizini təkrar doldurulan hibridlər təşkil edir. Amerikan istehsalçısı Avropa İttifaqında Renegade 4xe, Compass 4xe və Wrangler 4xe qoşulan hibridlərini təklif edir. Qarşıya qoyulan məqsədə çatmağa Renegade və Compass krossoverlərinin yeni və daha sadə hibrid versiyaları yardım etməlidirlər.
İki il əvvəl debüt etmiş 4xe modifikasiyaları arxa oxda ayrıca elektrik mühərriki olan tam ötürmə sisteminə və məişət elektrik şəbəkəsindən doldurulan batareyaya malikdirlər. Yeni Renegade e-Hybrid və Compass e-Hybrid krossoverləri isə başqa quruluşa sahibdirlər. Onlar yalnız ön ötürməlidirlər, məişət elektrik şəbəkəsinə qoşulmurlar, elektrik əlavəsi isə o qədər də məhsuldar deyil.
Bütün e-Hybrid versiyaları GSE (Global Small Engine) modul ailəsinə məxsus olan və Miller dövrünə əsasən işləyən yeni 1,5-litrlik benzin turbomühərriki ilə təchiz edilirlər. Yeni aqreqat yanacağın 350 bar təzyiqi altında birbaşa püskürdülməsinə, 12:5,1 sıxılma əmsalına, turboüfürməyə və kəmərli ötürməsi olan startyor—generatora malikdir. Onun hasilatı o qədər də böyük deyil: 130 at qüvvəsi və 240 Nm.
Transmissiya - 20 at qüvvəsi və 55 Nm fırlanma anı hasil edən 48-voltluq elektrik mühərriki quraşdırılmış yeddi pilləli ikimuftalı “robotdur”. Elektrik mühərriki yerindən tərpənərkən və aşağı sürtlə hərəkət zamanı daha səmərəlidir, ona görə də, parklanma və yavaş irəliləyən tıxac zamanı hibridlər yalnız elektrik ötürməsi ilə hərəkət edə bilərlər. Lakin sonrakı sürətlənmə zamanı daxili yanma mühərriki mütləq qoşulacaqdır. Krossoverlərin təchiz olunduğu dartma batareyası barədə məlumat verilməyib.
Jeep nümayəndələri belə hibridlərin benzin analoqlarından 15% qənaətcil olduğunu bildirirlər. Pasport üzrə ortalama yanacaq sərfiyyatı Renegade e-Hybrid modelində 100 kilometrə 6,1 litr, Compass e-Hybrid modelində isə 6,0 litr təşkil edir. 100 km/saat həddinə sürətlənmə müddəti isə, müvafiq olaraq 9,7 və 10,0 saniyədir.
Sadə hibridlərə sifarişlər artıq İtaliya, Fransa və Almaniyada qəbul edilir. Jeep Renegade e-Hybrid modeli 32.200 avrodan başlayan qiymətlərlə satılır. Müqayisə üçün, qoşulan 4xe versiyasını 39.500 avrodan başlayan qiymətlərlə almaq mümkündür. Lakin yaxın zamanda bazarı tərk edəcək adi Renegade modelini 24.900 avrodan başlayan qiymətlərlə almaq olar. İki versiya arasındakı qiymət fərqli nəzərəçarpacaq dərəcədə böyükdür.
Daha iri Compass e-Hybrid modeli üçün 36.200 avro tələb olunur. Müqayisə üçün, adi krossover 31.900, qoşulan Compass 4xe hibridi isə 45.850 avrodan başlayan qiymətlərlə satılır. Yeni hibridlərin satışlarına mart ayında başlamalıdır. Bunun ardınca yeni e-Hybrid modelləri Avropanın digər ölkələrində də satış debütü etməlidirlər.
Yay aylarında yerli bazarda Jeep Grand Cherokee modelinin yeni nəsli debüt etməlidir və burada ofrouder yalnız təkrar doldurulan hibrid kimi təklif olunacaqdır. Beləliklə, Jeep markasının Avropadakı model xəttində elektrikləşməyən yeganə model Jeep Gladiator pikapı olacaqdır. Lakin ilin sonuna qədər bu məsələ də həllini tapmalıdır.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.