Jeep şirkəti növbəti model ilində Compass krossoverində tətbiq ediləcək yeniliklər barədə məlumat verib. Birinci yenilik - yeni baza mühərrikidir. Bu, birbaşa püskürtməyə və start-stop sisteminə malik olan 203 at qüvvəli 2,0-litrlik dördsilindrli turbomühərrikidir. İkinci yenilik isə, avtomatik Jeep Active Drive tam ötürmə sistemidir. Bundan başqa, 2023-cü model ilinin Jeep Compass Trailhawk modeli təmsil olunduğu sinif üçün rekord sayılan ümumi ötürmə nisbətini əldə edib.

Yeni mühərrik Stellantis Global Medium Engine ailəsinə aiddir. Aqreqatın iş həcmi 2,0 litr, onun hasilatı isə 203 at qüvvəsi və 300 Nm fırlanma anıdır. Silindr başlığı və bloku alüminiumdan tökülüb. Mühərrikdə boş içlikli paylayıcı vallardan, fazaların ikili dəyişməsindən, birbaşa püskürtmədən, boşaldıcı klapanı olan aşağı ətalətli ikikanallı turbokompressordan və start-stop sistemindən istifadə olunur.

Buraxılış kollektoru silindr başlığına inteqrasiya olunub və su ilə soyudulur. Giriş, drossel çəpərciyinin korpusu və turbomühərrik üçün ayrıca kontur hazırlanıb. Natriumla doldurulmuş buraxılış klapanları və plazma çilənmiş porşen halqaları mühərrikin xidmət müddətini uzatmalı və etibarlılığını artırmalıdır. Nəhayət, güc qurğusu dəyişən məhsuldarlığı olan yağ nasosu və ölçüsü böyüdülmüş yağ radiatoru ilə təchiz edilib.

“Turbodördlük” səkkiz pilləli “avtomat” ilə tandemdə çalışır ki, bu da Jeep Compass üçün artıq standart avadanlıq sayılır. Trailhawk versiyası üçün isə, hətta "sürünən" ötürmənin bənzərini də sifariş etmək olar. Birinci pillənin (4.71:1) və baş cütlüyün (4.398:1) ötürmə nisbətlərinin birləşməsi sinf üçün rekord sayılan 20:1 ümumi ötürmə nisbətini verir. Müqayisə üçün: Wrangler modelində bu nisbət 100:1 təşkil edir.

Image alt Image alt Image alt Image alt

Daha bir yenilik - avtomatik Jeep Active Drive tam ötürməsidir. Belə transmissiya, azaldıcı cərgəsi olan Jeep Active Drive Low sistemini əldə edən Trailhawk versiyası istisna olmaqla, Compass modelinin bütün versiyalarında quraşdırılır. Hər iki varianta Selec-Terrain hərəkət rejimlərinin selektoru daxildir. Ümumilikdə dörd hərəkət profili var: Auto, Snow, Sand/Mud və Rock (yalnız Compass Trailhawk üçün əlçatandır).

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.