Hərbi Humvee ofrouderlərinin və onların mülki versiyası olan Hummer modelinin istehsalçısı kimi məşhur olan AM General şirkəti Jeep Gladiator pikapını təkmilləşdirib. Konseptual ofrouderi amerikan hərbi sərgisində təqdim ediblər. Şirkət konsept haqqında təfərrüatları gizli saxlayır. Yeganə məlum olan hərbi avtomobilin yolsuzluq xarakteristikalarını yaxşılaşdıran “yaxşılaşdırılmış detallar” ilə təchiz olunduğudur.
Şəkillərdən göründüyü kimi, Gladiator XMT (eXtreme Military-grade Truck) gücləndirilmiş ön bamperi, kenqurin, bucurqad, dördnöqtəli kəmərləri olan oturacaqlar və rabitə antennaları ilə seçilir. Ofrouderi boru qapılar və avadanlığı olan üstqurum ilə təchiz etmək mümkündür. Bundan başqa, hərbi ofrouder orijinal güzgülərə və xüsusi BF Goodrich yolsuzluq şinlərinə sahib olub. Hərbi Jeep Gladiator modelinin yükgötürmə qabiliyyəti 726 kiloqramdır. Pikap tam çəkisi 3,5 ton olan qoşqunu yedəyə ala bilər.
Jeep markasının rəhbəri Gladiator modelinin güclü hərbi konsept avtomobili üçün ideal əsas olduğunu qeyd edib. O, modelin əla yararlığa və geometrik keçmə qabiliyyətinə malik olduğunu vurğulayıb. FCA konserninin Jeep Gladiator modelinin hərbi versiyası üçün böyük planları mövcuddur. Konsern çoxməqsədli yüngül pikapı yeni silah bazarlarına çıxarmaq niyyətindədir.
Jeep Gladiator XMT modeli standart mühərriklər ilə təchiz ediləcəkdir. Bunlar 264 at qüvvəsi və 599 Nm fırlanma anı hasil edən 3,0-litrlik V6 dizeli və 289 at qüvvəsi və 353 Nm fırlanma anı hasil edən 3,6-litrlik V6 benzin mühərrikidir. Sifarişlərin daxil olması halında, Gladitor modelinin hərbi versiyasının istehsalına 2020-ci ilin üçüncü rübündə başlana bilər. AM General isə hərbi ofrouderin dar çərçivədə ixtisaslaşdırılmış versiyalarını ayratmağa da hazırdır.
Eyni zamanda, amerikan KİV-ləri Jeep şirkətinin pikapın ən güclü versiyası olan Gladiator Hercules modelini hazırladığını iddia edir. Bu model 500 at qüvvəsinin üzərində gücə malik olan benzin güc aqreqatı ilə təchiz edilməlidir.