Jeep şirkəti gələn il 80-illik yubileyini qeyd edəcəkdir. Bu əlamətdar tarixi qeyd etmək üçün amerikan istehsalçısı İkinci Dünya Müharibəsinin ən kütləvi ofrouderi olan hərbi Willys MB modelinin adını daşıyan xüsusi versiyadan olan Gladiator Willys pikapını hazırlayıb. Xüsusi pikap standart Gladiator pikapından xarici cizgilər və bir qədər dəyişdirilmiş avadanlıq siyahısı ilə fərqlənir.
Gladiator Willys yalnız iki modifikasiyada təklif edilir - Sport and Sport S. Xüsusi versiyadan olan pikapları qara radiator barmaqlığı, xüsusi versiyanın adı yazılan stikerlər vurulmuş kapotu və baqaj qapısındakı 4 Wheel Drive yazısı sayəsində tanımaq olar. Pikap üçün səkkiz standart kuzov rəngi təklif edilir: qara Black, tünd boz Granite Crystal, boz Sting Grey, açıq boz Billet, qırmızı Firecracker Red, ağ White, mavi Hydro Blue və sumaxı Burgundy Snazzberry. Salonda istənilən hava üçün kilimlər mövcuddur. Sport S versiyası yeddi düymlük ekrana sahib olan Uconnect 3 multimedia sistemi ilə təchiz edilir.
Xüsusi seriyadan olan Gladiator pikapının avadanlıq siyahısına məhdud sürtünməli differensial, gücləndirilmiş amortizatorlar və Rubicon üslubunda ayaq dayaqları daxildir. 17-düymlük alüminium təkər diskləri 32-düymlük BFGoodrich KM2 palçıq şinləri ilə təchiz edilirr. Jeep şirkətindən bildirildiyinə görə, yeni avadanlıqlar Gladiator Willys modelinin ofroud potensialını əhəmiyyətli dərəcədə artırır.
Gladiator Willys modelinin kapotunun altında 289 at qüvvəsi və 353 Nm fırlanma anı hasil edən 3,6-litrlik V6 Pentastar benzin mühərriki quraşdırılıb. Mühərrik altı pilləli mexaniki və ya səkkiz pilləli avtomatik ötürmələr qutusu, habelə ön oxu sərt şəkildə birləşirən Command-Trac tam ötürmə sistemi ilə birlikdə çalışır. Əlavə ödəniş ilə, 264 at qüvvəsi və 599 Nm fırlanma anına sahib 3,0-litrlik V6 dizel aqreqatını da sifariş etmək olar.
Jeep Gladiator Willys modifikasiyası artıq ABŞ bazarında təklif olunur. Xüsusi versiyadan olan pikapın pərakəndə satış qiyməti 35,265 dollardan başlayır. Keçən il Willys versiyasını Wrangler ofrouderi də alıb. Üstəlik, bu ilin sentyabr ayında Jeep şirkəti Wrangler, Grand Cherokee, Renegade, Cherokee, Compass və Gladiator modellərinin 80th Anniversary Edition versiyasını hazırlamışdı.