Jeep şirkəti yeni Wagoneer və Grand Wagoneer modellərinin debüt tarixini açıqlayıb. Yeni ofrouderlər 11 mart tarixində təqdim olunacaqdırlar. Əfsanəvi modelin yenidən canlandırılmasına marağı artırmaq üçün, amerikan markası seriya Grand Wagoneer modelinin ön tərəfinin təsviri olan qısa videotizeri yayımlayıb.
Dərc edilmiş tizerdən də göründüyü kimi, üçsıralı ofrouderin seriya versiyası demək olar ki, keçən ilin sentyabrında təqdim olunan Grand Wagoneer konseptinə bənzəyəcəkdir. Yeni kadrlardakı avtomobil prototipdən böyüdülmüş radiator barmaqlığı, uzaq işıqların iri ölçülü linzaları və yan güzgülərinin başqa forması ilə fərqlənir.
Yeni avtomobilin kuzovunun digər hissələri və interyei videoda göstərilmir. Konseptin təchiz edildiyi yeddi displeyin neçəsinin seriya avtomobilinə keçəcəyi də sual altındadır: xatırladaq ki, prototipin geniş salonunda öndə dörd, arxada üç ekran quraşdırılmışdı.
Konseptin təchizatına McIntosh firmasının 23 dinamiki olan premium səs sistemi və panoram dam daxil idi. Çox güman ki, hər iki avadanlıq Grand Wagoneer modelinin bahalı versiyaları üçün təklif olunacaqdır.
Ofrouder platformasını Ram 1500 pikapı ilə paylaşacaq, tam ötürmə sistemini və Quadra-Lift pnevmoasqısını əldə edəcəkdir. Jeep şirkəti yeni avtomobilin təchiz ediləcəyi mühərrik çeşidini sirr kimi qoruyub-saxlayır: seçimlərdən birinin məişət elektrik şəbəkəsinə qoşulan hibrid aqreqatının olacağı məlumdur.
Yeni ofrouderlərin istehsalı ilə Detroit şəhərindəki müəssisə məşğul olacaqdır. Jeep markasının yeni bayraqdar modeli olacaq Grand Wagoneer ofrouderinin əsas rəqibləri Lincoln Navigator və Cadillac Escalade modelləri olacaqdır.