İlkin plana əsasən, Jeep Grand Wagoneer modeli iki il bundan öncə debüt etməli idi, lakin FCA yeni modelin debütünü təxirə salmaq məcburiyyətində qalmışdı. Xoşbəxtlikdən layihə bağlanmadı və Jeep şirkətinin model xəttinin zirvəsində yerləşəcək avtomobil demək olar ki, hazırdır.
Bu günlərdə Jeep şirkəti rəsmi açıqlama verərək, Grand Wagoneer modelinin təqdimatının sentyabr ayının 3-ü tarixində keçiriləcəyini bildirib. Bununla yanaşı, istehsalçı yeni avtomobilin bir neçə parçasının görüntülərini yayımlayaraq, tizer kampaniyasına start verib.
Klassik Jeep Wagoneer modeli amerikan avtomobil sənayesinin əlamətdar avtomobillərindən biridir. 1962-ci ildə debüt etmiş avtomobil geniş salonu olan beş qapılı kuzovu ilə dünyanın ilk komfortlu ofrouderlərindən biri olub. Bir neçə dəfə yenilənmədən keçmiş və 1983-cü ildə Grand Wagoneer adını almış ofrouder 1991-ci ilə qədər istehsal olunub. Bundan əlavə, 1983-1990-cı illərdə buraxılan Jeep Cherokee modelinin ən zəngin versiyası Wagoneer adlanırdı. 1992-1993-cü illərdə isə Jeep Grand Cherokee modelinin top versiyası Grand Wagoneer adı ilə satılırdı.
Lakin, yeni Grand Wagoneer ofrouderini heç də belə tale gözləmir. İlkin məlumata görə, təxminən beş metr uzunluğu olan yeni Jeep Grand Wagoneer modeli Ram 1500 pikapının bazasında inşa olunacaq və 120-140 min dollara satılacaqdır. Yeni ofrouder Range Rover, Lexus LX 570 və Mercedes-Benz GLS modelləri ilə rəqabət aparacaqdır. İstehsalçı Grand Wagoneer modelinin zəngin təchizata və güclü V8 mühərriklərinə malik olacağını vəd edib. Ofrouderin təchizatına virtual cihazlar paneli, 12-düymlük displeyi və şayba-kontrolleri olan məlumat-əyləncə kompleksi daxil ediləcəkdir.
Jeep Grand Wagoneer modelinin stehsalına 2021-ci ilin ikinci rübündə başlanmalıdır. Ofrouder, Ram avtomobillərinin istehsal edildiyi Vorren şəhərindəki (Miçiqan ştatı) zavodda buraxılacaqdır. Bir müddət sonra isə, Grand indeksinə malik olmayan sadə Jeep Wagoneer modeli işıq üzü görəcəkdir.