Jeep şirkəti Wagoneer/Grand Wagoneer modellərinin yeni tizerlərini nəşr edərək, 3 sentyabr tarixində debütü gözlənilən avtomobillərin seriya variantının deyil, sadəcə konseptlərinin göstəriləcəyini bildirib. Buna, həddindən artıq dəbdəbəli interyer və ön tərəfdə işıqlandırılan modelin adı da işarə edir.
Dərc edilmiş yeni şəkillər ofrouderin daxili tərtibatını görməyə imkan verir. Yalnız üç oturacaq sırası ilə təklif ediləcək Wagoneer/Grand Wagoneer modellərinin oturacaqları 2 + 2 + 3 formuluna əsasən düzüləcəkdirlər - yəni ortada geniş konsol ilə ayrılmış iki kapitan kreslosu, arxa hissəsində isə üç sərnişin üçün nəzərdə tutulmuş divan quraşdırılacaqdır. Əlavə olaraq, model Detroytun şematik xəritəsi olan panoram dama və ön panelin yan tərəfində avtomobilin silueti həkk olunmuş metal lövhəyə (və ya metal effekti olan plastik) malik olacaqdır.
İlkin məlumata görə, təxminən beş metr uzunluğu olan yeni Jeep Grand Wagoneer modeli Ram 1500 pikapının bazasında inşa olunacaq və 120-140 min dollara satılacaqdır. Yeni ofrouder Range Rover, Lexus LX 570 və Mercedes-Benz GLS modelləri ilə rəqabət aparacaqdır. İstehsalçı Grand Wagoneer modelinin zəngin təchizata və güclü V8 mühərriklərinə malik olacağını vəd edib. Ofrouderin təchizatına virtual cihazlar paneli, 12-düymlük displeyi və şayba-kontrolleri olan məlumat-əyləncə kompleksi daxil ediləcəkdir.
Jeep Grand Wagoneer modelinin stehsalına 2021-ci ilin ikinci rübündə başlanmalıdır. Ofrouder, Ram avtomobillərinin istehsal edildiyi Vorren şəhərindəki (Miçiqan ştatı) zavodda buraxılacaqdır. Bir müddət sonra isə, Grand indeksinə malik olmayan sadə Jeep Wagoneer modeli işıq üzü görəcəkdir.