Jeep markası Grand Wagoneer və Wagoneer modellərinin11 martda keçiriləcək təqdimatına olan marağı artırmağa davam edir. Amerikan istehsalçısı təqdimat ərəfəsində bu ilin yayında müştərilərə çatdırılacaq Grand Wagoneer modelinin bəzi detallarını açıqlayıb.
Jeep şirkətinin rəsmi Facebook səhifəsində yerləşdirilən dörd şəkil seriyaöncəsi modelə aiddir. Qeyd etmək gərəkdir ki, ofrouder keçən il nümayiş etdirilmiş konseptdən xeyli fərqlənir. Birinci şəkildə daha iri fənərlərə, fərqli naxışı olan radiator barmaqlığına və avtomobilin eni boyu uzanan diod zolağı olmayan ön hissə əks olunur. Xatırladaq ki, prototip belə bir zolağa malik idi.
Digər şəkillərdə isə, parlaq tikişi olan dəlikli dəri ilə üzlənmiş oturacaq və McIntosh səs sisteminin ön paneldə yerləşən dinamiki göstərilir. Konseptdə quraşdırılmış əl işi olan premium səs sistemi 23 dinamikə malik idi - çox güman ki, belə səs sistemi yalnız Grand Wagoneer modelinin top versiyasının imtiyazı olacaqdır.
Ofrouder platformasını Ram 1500 pikapı ilə paylaşacaq, bir neçə variantda tam ötürmə sistemini və Quadra-Lift pnevmoasqısını əldə edəcəkdir. Jeep şirkəti yeni avtomobilin təchiz ediləcəyi mühərrik çeşidini sirr kimi qoruyub-saxlayır: seçimlərdən birinin məişət elektrik şəbəkəsinə qoşulan hibrid aqreqatının olacağı məlumdur.
Yeni ofrouderlərin istehsalı ilə Detroit şəhərindəki müəssisə məşğul olacaqdır. Jeep markasının yeni bayraqdar modeli olacaq Grand Wagoneer ofrouderinin əsas rəqibləri Lincoln Navigator və Cadillac Escalade modelləri olacaqdır.