"Böyük Üçlük" tanınmış modellərin yenidən canlandırılmasına başlayıb: Ford artıq Bronco ofrouderinə sifarişləri qəbul edir, General Motors yeni Hummer modelini təqdim etməyə hazırlaşır, FCA konserni isə, otuz illik fasilədən sonra bazara tam ölçülü Jeep Grand Wagoneer modeli ilə qayıtmağı planlaşdırır. Yeni Jeep Grand Wagoneer ofrouderinin konsept statusunu daşımasına baxmayaraq, seriya modeli 3 sentyabr tarixində təqdim olunan avtomobildən çox fərqlənməyəcəkdir.
Avtomobil barədə texniki detallar azdır: gələcək Grand Wagoneer modeli üç variantda tam ötürmə sistemi və Quadra-Lift pnevmoasqısını alacaqdır. İstehsalçı güc qurğuları barədə məlumat verməsə də, ofrouderin "əla dinamika" ilə öyünə biləcəyinə işarə edib. Bundan əlavə, ofrouderin məişət elektrik şəbəkəsindən qidalanan hibrid güc qurğusuna sahib olacağı da bildirilir.
Təqdim olunan konsepsiyaya gəldikdə, prototipin seriya versiyasına çox yaxın olduğunu söyləmək mümkündür. Bununla birlikdə, konveyerə gedən yolda ofrouder 24-düymlük təkər disklərini, tik ağacı ilə örtülən relinqləri və ən azından baza versiyalarında panoram damı itirə bilər.
Bununla belə, salondakı yeddi ekranın Grand Wagoneer modelinin seriya versiyasına keçmək şansı daha yüksəkdir. Ön tərəfdə dörd ekran quraşdırılıb: 12,3-düymlük cihazlar paneli, Uconnect 5 multimedia sisteminin 12,1-düymlük displeyi və komfort funkisyalarının idarə olunmasına cavabdeh olan 10,25-düymlük displey və ön sərnişinin qarşısındakı 10,25 düymlük sensorlu displey.
Arxa hissədə daha üç displey var: ikinci sırada oturan sərnişinlər üçün iki 10,1-düymlük fərdi displey və ön oturacaqların arasında yerləşən 10,25-düymlük planşet.
Digər qeyri-adi opsiyalar arasında McIntosh firmasının 23 dinamikli premium səs sistemi vardır. Məlum olduğu kimi, bu firma əl ilə yığılan premium səs sistemlərinin yaradılması üzrə ixtisaslaşıb. Qeyd etmək gərəkdir ki, əvvəllər McIntosh markası avtomobil istehsalçıları ilə əməkdaşlıq etməyib. Çox güman ki, belə «musiqi" yalnız Grand Wagoneer modelinin ən bahalı versiyaları üçün əlçatan olacaqdır.
Modelin istehsalı FCA konserninin Detroytdakı zavodunda təşkil ediləcəkdir - konseptin şüşə damına vurulmuş Detroyt şəhərinin xəritəsi məhz buna işarə edir. Yeni ofrouder Range Rover, Lexus LX 570 və Mercedes-Benz GLS modelləri ilə rəqabət aparacaqdır.