Yolsuzluq avtomobilləri istehsalçısı kimi tanınmış məşhur Jeep markası bu il özünün 75 illik yubileyini qeyd etməyə hazırlaşır. Jeep şirkətinin marketinq xidməti markanın tarixinin 23 iyul 1941-ci ildən başladığını bəyan edir. Əslində ilk Jeep avtomobilinin yaradılmasının maraqlı tarixçəsi var. 1940-ci ildə American Bantam şirkətinin mühəndisi Karl Probst amerikan ordusunun elan etdiyi tender əsasında 250 kiloqram yükqaldırma qabiliyyəti və Ranebaut tipli kuzovu olan Bantam BRC tam çəkişli avtomobilini yaratmışdır.
Sonradan avtomobil Willys-Overland və Ford Motor Company tərəfindən təkmilləşdirilmiş, Willys MB və Ford GPW adı altında istehsalına başlanılmışdır. «Jeep» adının yaranmasının da maraqlı tarixçəsi var. Bu adın yaranmasını avtomobili sınaqdan keçirmiş amerikan qadın jurnalisti Katerina Hilllyerin adı ilə bağlayırlar. Jurnalistin ilk dəfə işlətdiyi «CiPi» (GPW - «ci-pi-dablyu» kimi səslənir) kəlməsi xalq arasında yayılaraq məşhurlaşır. Jeep ticarət nişanı isə 1950-ci il 13 iyun tarixində Willys-Overland şirkəti tərəfindən qeydiyyata alınmışdır.
Bu əlamətdar yubileyi qeyd etmək məqsədi ilə, Jeep şirkəti istehsal etdiyi modellərin xüsusi 75th Anniversary Edition nəşrini buraxmaq qərarına gəlmişdir. Misal üçün, Wrangler və Wrangler Unlimited modelləri Goodyear Wrangler Silent Armor şinləri ilə təchiz edilmiş 17-düymlük yüngül lehimli disklər, xüsusi kandar qoruyucuları və yeni bamperlər ilə təchiz edilir. Bundan əlavə, avtomobillərin avadanlıq siyahısına havalandırmalı kapot, qızdırlan dəri oturacaqlar və 6,5-düymlük displeyi olan multimedia sistemi də daxil edilmişdir.
Bantam BRC 40
Willys MB
Grand Cherokee 75th Anniversary Edition modeli, yenidən işlənmiş radiator barmaqlığı da daxil olan yeni ön panellə seçilir. Avtomobil həmçinin, Low Gloss Bronze rəngində xüsusi kuzov xəttləri, 18 və 20-düymlük disklər ilə təchiz edilir. Avtomobilin avadanlıq siyasına şüşə lyuk, xüsusi oturacaqlar və Uconnect multimedia sistemi daxildir.
Cherokee Latitude modelinin əsasında hazırlanmış Cherokee 75th Anniversary Edition panoram lyuk, 18-düymlük disklər və Low Gloss Bronze rəngli aksentləri ilə təchiz edilir. Avtomobil həmçinin, Gode-Tex əlavələri və Tangerine tikişləri olan oturacaqlarla komplektləşdirilir. Jeep Renegade Latitude modelinin bazasında yaradılmış Renegade 75th Anniversary Edition nəşriı Beats Audio səs sistemi, MySky lyuku, 18-düymlük disklər və Low Gloss Bronze kuzov xəttləri ilə seçilir.
Jeep Compass və Patriot modelləri Low Gloss Bronze eksteryer xəttlərindən başqa, lyuk və uzaqdan işə salma sistemi ilə təchiz edilirlər. Bundan başqa, modellər dəri sükan, Light Bronze interyer işləmələri , altı-pilləli avtomat sürətlər qutusu ilə birləşmiş 2,4-litrlik benzin mühərriki ilə də təchiz edilirlər.