Jeep şirkəti Wagoneer və Grand Wagoneer modellərinin uzunbazalı versiyalarını nümayiş etdirib. Tamölçülü ramalı Wagoneer L və Grand Wagoneer L modelləri adi ofrouderlərdən uzadılmış təkər bazası, kuzovun uzunluğu və baqaj həcmi ilə fərqlənirlər. Uzunbazalı ofrouderlər ilə birlikdə yeni 3,0-litrlik altısilindrli Hurricane biturbomühərriki də debüt edib.

Tamölçülü Jeep Wagoneer və Grand Wagoneer modelləri bir il əvvəl debüt ediblər. Onlar Grand Cherokee L modeli kimi üç oturacaq sırasına sahib olublar, lakin konstruktiv olaraq RAM 1500 pikap ilə unifikasiya ediliblər. İndi isə, premial ramalı ofrouderlərin sırasına Cadillac Escalade ESV, Chevrolet Suburban və Ford Expedition Max ilə rəqabət aparacaq uzunbazalı Wagoneer L və Grand Wagoneer L modelləri də qoşulublar.

L prefiksli Wagoneer  modellərinin təkər bazası 178 millimetr uzadılıb. Onların uzunluğu isə 305 millimetr artaraq 5758 millimetrə çatıb. Arxa qapılar, pəncərələr və arxa dayaqlar da dəyişdirilib. Salon daha geniş olub, lakin əlavə millimetrlərin əsas hissəsi yenə də baqaj bölməsinin payına düşüb. Baqaj bölməsinin həcmi 447 litr artıb: Wagoneer L - 1192 litr, Grand Wagoneer L - 1252 litr. Arxa sıraların qatlanması halında baqaj həcmi müvafiq olaraq, 3707 və 3197 litr təşkil edir.

Artıq qeyd etdiyimiz kimi, uzunbazalı modifikasiyaların kapotunun altında 3,0-litrlik altısilindrli Hurricane biturbomühərriki yerləşir. Wagoneer L modelindəki mühərrik 426 at qüvvəsi və 635 Nm fırlanma anı, Grand Wagoneer L modelindəki isə, 517 at qüvvəsi və 678 Nm fırlanma anı hasil edir. Güc aqreqatı səkkiz pilləli “avtomat” ilə tandemdə çalışır. Tam ötürmə sistemi standartdır.

Adi Wagoneer modeli sadə Quadra-Trac I transmissiyası (ön oxun ötürməsindəki mufti ilə) və ya daha qabaqcıl Quadra-Trac II (iki pilləli paylayıcı qutu) və Quadra-Drive II (elektron differensial kilid) ilə sifariş oluna bilər. Grand Wagoneer modeli üçün seçim isə, son iki variant ilə məhdudlaşır. Bundan əlavə, Grand Wagoneer standart olaraq pnevmatik asqı ilə təchiz edilir, halbuki belə asqı adi Wagoneer modeli üçün opsiyadır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Jeep Wagoneer L və Grand Wagoneer ilə eyni vaxtda Wagoneer Carbide Edition xüsusi versiyasıda  təqdim edilib. O, qara rəngə boyanmış radiator barmaqlığı, yan güzgülərin gövdələri, dam reeylinqləri, fənər içlikləri və təkər diskləri ilə seçilir. Carbide Edition versiyası yazda satışa çıxacaqdır, lakin uzunbazalı ofrouderləri 2022-ci ilin ikinci yarısına qədər gözləmək gərəkdir.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.