Jeep şirkəti ənənəvi olaraq, hər il keçirilən Moab Easter Jeep Safari rallisinə yeddi ədəd konseptual avtomobil hazırlamışdır. Bu avtomobillərin hər biri cəlbedici olsa da, onların içərisində seçdiyimiz və bizim fikrimizcə daha yaxşı hazırlanmış üç avtomobili təqdim etmək istərdik. Bunlar, Mopar mütəxəssislərinin iştirakı ilə hazırlanmış Crew Chief 715, FC 150 və Wrangler Trailcat yolsuzluq avtomobilləridir. Bunlardan birincisi, Wrangler Unlimited yolsuzluq avtomobilinin bazasında yaradılmış Jeep Crew Chief 715 konseptidir ki, bu avtomobil Jeep markasının Kaiser M715 modeli başda olmaqla istehsal etdiyi hərbi avtomobillərə ithaf edilmişdir.
Bu səbəbdən də, avtomobil ilk hərbi avtomobilləri xatırladan retro üslunda tərtib edilmiş ön panellə, xüsusi yük bölümü, 40 düymlük hərbi şinləri geyindirilmiş təkər diskləri ilə təchiz edilmişdir. Bundan əlavə, avtomobilin təchizatına tavan dəstəkləri, bucurqad, 4 düymlük liftinq dəsti və Dana 60 körpüləri də daxildir. Avtomobilin eksteryerindəki unikal xüsusiyyətləri onun interyerinə də şamil etmək olar. Dizaynerlər oturacaqları brezent əlavələri olan dəri ilə örtmüş, avtomobilin ön panelində isə aviasiyada tətbiq edilən tumblerləri xatırladan düymələri quraşdırmışlar.
Bundan əlavə, Jeep Crew Chief 715 avtomobili Mopar tərəfindən hazırlanmış ayaqaltılar və naviqasiya kompası ilə təchiz edilmişdir.
Jeep Crew Chief 715
Avtomobil beş pilləli avtomatik sürətlər qutusu ilə birgə çalışan Pentastar V6 mühərriki ilə hərəkətə gəlir. Bundan başqa, Mopar mütəxəssisləri avtomobilin mühərrikinin daha yaxşı soyudulmasını təmin edən xüsusi havalandırma sistemini və modifikasiya edilmiş səsboğucu sistemi quraşdırmışdırlar. Amerikalı istehsalçı avtomobilin mühərrikinin texniki imkanları barədə məlumat verməmişdir.
Digər bir maraqlı avtomobil 1960-ci ilin FC 150 modeli üslubunda poladdan hazırlanmış kuzova malik olan konseptdir. Yeni kuzov 2005-ci il istehsalı olan Jeep Wrangler modelinin şassisinə quraşdırılmışdır. Eyni zamanda, avtomobil öndə Dana 44, arxada Dana 60 körpüsü və 33-düymlük BF-Goodrich Mud-Terrain T/A KM2 şinləri geyindirilmiş 17-düymıük poladdan hazırlanmış təkər diskləri ilə təchiz edilmişdir.
Jeep FC 150
Jeep Wrangler Trailcat
Sonuncu avtomobil isə, Wrangler Trailcat adlanan prototipdir ki, bu yolsuzluq avtomobili 707 at qüvvəsi olan 6,2-litrlik V8 mühərriki və altı pilləli mexaniki sürətlər qutusu ilə təchiz edilir.
Konsept həmçinin bütöv alın şüşəsinə, Dana 60 körpülərinə və genişləndirilmiş təkərlərarası bazaya malikdir. Bundan başqa, avtomobil dördnöqtəli təhlükəsizlik kəmərləri ilə təchiz edilən idman oturacaqları, tündəşdirilmiş ön fənərləri, hündürlüyü artırılmış asqısı və 39,5-düymlük BF-Goodrich Krawler T/A KX şinləri ilə seçilir.
Jeep şirkətinin təqdim etdiyi digər modellər isə, Jeep Comanche, Renegade Commnder, Wrangler Trailstorm və Shortcut avtomobilləridir.