Jeep şirkəti Wagoneer ofrouderinin elektrik versiyasının təqdimatına hazırlaşır. 600 at qüvvəli elektrokar bu günə kimi Wagoneer S adı ilə tanınırdı. Bununla belə, o, satışa başqa adla çıxarılacaqdır. Ofrouderin adının nə olacağı şirkətin özünə belə məlum deyil: istehsalçı uyğun adı seçmək üçün internet istifadəçilərinə müraciət edib. Müsabiqə noyabrın 23-dən dekabrın 2-dək davam edəcəkdir.

Bu müsabiqədə iştirak etmək üçün, xüsusi olaraq yaradılmış saytdakı formanı doldurmaq gərəkdir. Müəllifin fantaziyası simvolların sayından başqa heç nə ilə məhdudlaşdırılmır: onların sayı 50-dən çox olmamalıdır.
Qalib Vayominqdəki Cekson Houl xizək kurortuna səyahət qazanacaqdır. Tura aviabilet, yaşayış, lift biletləri, bələdçi xidmətləri və təlimatlandırma daxildir. Üstəlik, qalibə yerli mağazalardan birində 1000 dollarlıq alış-veriş etmək üçün hədiyyə kartı da veriləcəkdir. Belə bir hədiyyənin ümumi dəyəri 40 min dollardır.

Wagoneer S modeli Jeep markasının cari beş il üçün planlaşdırdığı bir neçə yeni elektrik avtomobilindən biri olacaqdır. 2023-cü ildə, Avropada, 400 kilometrlik yürüş ehtiyatına malik olan yığcam Jeep Avenger krossoveri satışa çıxarılacaqdır.
O, Jeep markasının model xəttində Renegade modelindən bir pillə aşağıda duracaqdır. 2024-cü ildə Wrangler ofrouderinin batareyalı analoqu olan Recon modelinin ABŞ bazarı üçün istehsalına başlanacaqdır. Həmin vaxt Jeep Wagoneer S modeli də konveyerə çıxacaqdır.

Elektrik ofrouderi 600 at qüvvəsi üzərində gücü olan qurğunu əldə edəcəkdir. Elektrik ofrouderi yerindən 60 mil/saat (97 km/saat) həddinə 3,5 saniyəyə sürətlənməlidir. “Yaşıl” Wagoneer modelinin yürüş ehtiyatı 643 kilometr olmalıdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.