AutoHome saytının yaydığı məlumata əsasən, Jeep şirkəti Çində bir neçə əmtəə nişanını qeydiyyatdan keçirib. Bu nişanlar arasında Grand Commander adı da vardır ki, böyük ehtimalla, yeni ad yeddiyerli krossoverə məxsus olacaqdır.
Xatırladaq ki, bir müddət bundan öncə internet şəbəkəsində həmin krossoverin patent təsvirləri peyda olmuşdu. Çox güman ki, yeni krossover Şanxay avtosalonunda debüt edən Yuntu konseptinin seriya variantı olacaqdır. Altıyerli konsept hibrid güc qurğusu, taybatay açılan qapılara və panoram tavana malik idi. Konseptin interyerində “uçan” mərkəzi tonnel, cihazlar panelinin üç ekranı, həmçinin ikinci və üçüncü cərgənin sərnişinləri üçün nəzərdə tutulan səkkiz displey quraşdırılmışdı. Böyük ehtimalla, Jeep Gran Commander modelinin seriya variantını gələn ilin yazında keçiriləcək Pekin avtosalonunda nümayiş etdirəcəklər.
Yeni avtomobil, Jeep Wrangler modelində debüt edən 272 at qüvvəsi və 400 Nm fırlanma anı hasil edən 2,0-litrlik dörd silindrli turbomühərriklə təchiz ediləcəkdir.