Jeep Wagoneer S modeli Jeep brendinin ABŞ bazarında satılacaq ilk elektrik ofrouderi və yeni Dodge Charger modelindən sonra Stellantis konserninin STLA Large arxitekturasına əsaslanan ikinci modeldir. Ofrouder tutumu 100,5 kilovat-saat olan batareya ilə təchiz olunur.
"Sürətli" terminaldan batareyanın enerji ehtiyatının 20 faizindən 80 faizə qədər doldurmaq üçün 23 dəqiqə lazımdır, halbuki bu sinifdən olan elektromobillərə adətən ən azı yarım saat vaxt tələb olunur.
Jeep Wagoneer S Launch Edition ümumi hasilatı 608 at qüvvəsi olan ikimühərrikli güc qurğusu ilə hərəkətə gəlir. O, ofrouderi 100 mil/saat həddinə 3,4 saniyəyə sürətləndirir ki, bu da Wagoneer S modelini təkcə Tesla Model Y Performance krossoverindən deyil, həm də 707 at qüvvəli Jeep Grand Cherokee Trackhawk ofrouderindən daha yeyin edir.
Ölçülərə görə Wagoneer S daxili yanma mühərriki olan Wagoneer ofrouderindən bir qədər kiçikdir: o, bir qədər qısadır və ölçülərinə görə standart təkər bazası olan Grand Cherokee modelinə yaxındır.
Eyni zamanda, “batareyalı” ofrouder bir qədər aşağı salınmış dam xətti, nazik LED zolaqlar və radiator barmaqlığının yerinə quraşdırılmış dekorativ qapaq sayəsində “kvadrat” Wagoneer modelindən daha dinamik və bahalı görünür. Məlum məsələdir ki, amerikan brendinin tanınan üslubu qorunub saxlanılıb.
Ümumiyyətlə, eksteryer dizaynı digər Jeep modellərindən daha çox Range Rover ofrouderlərini xatırladır. Şirkət ofrouderin aerodinamik müqavimət əmsalını 0,29 olduğunu bildirir ki, bu da istənilən digər Jeep modellərindən daha yaxşıdır.
Salondakı ön paneldə dörd taçskrin quraşdırılıb – cihazlar paneli, multimedia sisteminin displeyi, ön sərnişin üçün displey və iqlimə nəzarət sisteminin sensorlu ekranı. Avadanlıq siyahısına 19 dinamikli McIntosh audiosistemi, fiziki düymələri olan çoxfunksiyalı sükan çarxı və açılan panoram dam daxildir.
Ofrouderin təhcizatına qar və qum üçün presetləri olan hərəkət rejimlərinin seçilməsi sistemi, habelə elektron köməkçilər dəsti daxil olacaq.
Sifarişlərin qəbuluna artıq başlanılıb. Jeep Wagoneer S ofrouderləri 2024-cü ilin payızında diler salonlarında nümayiş etdiriləcəklər. Daha sonra daha əlçatan versiyalar satışa çıxarılacaq. STLA Large platforması ənənəvi ənənəvi güc qurğuları üçün uyğun olduğu üçün, daxili yanma mühərriki ilə hərəkətə gələn modifikasiyanın peyda olması da mümkündür.
Wagoneer ailəsinə 2021-ci ildə debüt edən tam ölçülü Wagoneer və Grand Wagoneer, habelə 2022-ci ilin yazında təqdim edilmiş uzun təkər bazalı Wagoneer L və Grand Wagoneer L modelləri daxildir. Bundan əlavə, qara dekorasiyaya malik olan Wagoneer Carbide Edition versiyası da mövcuddur. “Yaşıl” Wagoneer S modeli bu ailənin beşinci üzvü olacaq.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.