İnternetdə növbəti nəsil Jeep Wrangler ofroderi barədə yeni məlumatlar peyda olub. "Renqler" modelinin növbəri nəslinin yeni tam ötürmə sistemi ilə təchiz ediləcəyi məlum olub. Bu barədə JLWranglerformus.com saytı xəbər verib.

Yeni ötürmə sistemi dördqapılı ofroderin Sahara variantında quraşdırılacaqdır. Jalopnik nəşrinin dəqiqləşdirməsinə görə, ön oxun qoşulmasına elektronika cavabdeh olacaqdır. Beləliklə, indiki avtomobillərdə olduğu kimi, sürücü ötürmənin dəyişdirilməsi üçün paylaşdırıcı qutunun dəstəyindən istifadə etməyəcəkdir.  

Jeep Wrangler modelinin mühərrik çeşidinə iki benzin və bir 3.0-litrlik V6 turbodizel mühərriki daxil ediləcəkdir. Benzin mühərrikləri 2.0-litrlik turbodördlükdən və 3.6-litrlik atmosfer tipli V6 mühərrikindən ibarət olacaqdırlar. Ofroder altı pilləli mexaniki və ya səkkiz diapazonlu avtomatik qutularla təchiz ediləcəkdir. "Avtomatlar" Chrysler və ya ZF şirkətinin istehsalı olacaqdır. 

Əvvəlki kimi ofroder iki və dördqapılı kuzovla, çıxarılan panel və qapılarla təklif ediləcəkdir. Bununla belə, model çıxarılan tavanın elektrik ötürməsi ilə təchiz ediləcəkdir. Hazırda bu proses əllə həyata keçirilir. Yeni ofroderin təqdimatı 1 dekabrda Los-Anjeles avtosalonunda keçiriləcəkdir.