Artıq hər kəsə məlum olduğu kimi, Jeep şirkətinin ən populyar ofroderlərindən biri olan Wrangler modelinin növbəti nəslinin təqdim olunmasına az bir müddət qalmışdır. Bu səbəbdən də yeni “Renqler” haqqında məlumatlar artmaqda davam edir. Gəzən şaiyələrə görə, yeni avtomobil JL indeksini alacaqdır. Bildiyimiz kimi, cari model zavoddaxili JK indeksini daşıyır.
İlk növbədə bu modelin pərəstişkarlarını arxayın etmək istərdim – ofroderin zahiri görkəmindəki dəyişikliklər radikal xarakter daşımayacaq. Jeep Wrangler əvvəlki kimi kvadrat formaları ilə fanatlarını sevindirəcəkdir. Bir müddət bundan əvvəl Facebook sosial şəbəkəsindəki səhifəmizdə dərc edilmiş variant amerikan istehsalçısının rəhbərliyi tərəfindən rədd edilmişdir. Xatırlayırsınız isə, rədd edilmiş variant üç bölməli çıxarılan tavanla təchiz edilmişdir. Böyük ehtimalla, həmin tavan yeni Jeep Wrangler modeli ilə birlikdə debüt edəcəkdir. Markanın dilerləri üçün təşkil edilmiş təqdimat mərasimində çəkilmiş cəsus şəkillərində, yeni ofroderin ön qanadları üzərində işıqdiodlarından hazırlanmış nazik formalı gündüz işıqlarının olduğunu müşahidə etmisiniz. Bununla bərabər, radiator barmaqlıqlarının ənənəvi xəttlərinin də bir qədər qatlanmış formaya malik oacağı da məlumdur. Kamuflyaj edilmiş prototiplərə nəzər salsaq , yeni ofroderin alın şüşəsinin mailliyinin bir qədər artacağını söyləmək olar.
Jeep Wrangler modelinin mühərrik çeşidində də yeniliklərin olması labüddür. Çox güman ki, avtomobilin təchiz edildiyi V6 mühərriki ciddi təkmilləşdirilmələrə məruz qalacaqdır. Bundan əlavə, “Hurricane” adlı dörd silindirli turbomühərrikin də təklif ediləcəyi söylənilənlər arasındadır. İlkin məlumatlara görə, bu mühərrik 300 at qüvvəsinə malik olmalıdır. Yeni avtomobilin turbodizel mühərriki ilə də təklif ediləcəyi məlumdur. “Renqler” modelinin növbəti nəsli səkkiz pilləli avtomatik sürətlər qutusu ilə təchiz ediləcəkdir ki, bu qutu da köhnəlmiş beş pilləli “avtomatı” əvəz edəcəkdir.
Avtomobilin interyerində ciddi yeniliklər olmalıdır. Çox güman ki, “Renqler” bir sıra müasir əyləncə-məlumat sistemləri ilə də təchiz ediləcəkdir. İstənilən halda, amerikalı mütəxəssislər sərnişinlər üçün maksimum rahatlığı təmin etməyə çalışacaqdırlar.
Avtomobilin kuzovunda və konstruksiyasında alüminiumdan və yüksək sərtlikli poladdan geniş istifadə sayəsində “Renqler” ciddi şəkildə çəki atmalıdır. Lakin, bütün bunlar heç də avromobilin yolsuzluq şəraitindəki imkanlarını məhdudlaşdırmayacaqdır. Jeep Wrangler əvvəlki kimi yüksək keçimıliyi ilə seçiləcəkdir.
Digər tərəfdən yeni ofroderin beş qapılı kozov ilə yanaşı üç qapılı variantının olacağı da şübhəsizdir. Bununla bərabər, yeni Jeep Wrangler pikap tipli kuzovla da təklif ediləcəkdir. Bu növ kuzovla təchiz edilmiş prototiplərin çoxsaylı fotoşəkillərini görmüş olmalısınız.