Jeep Wrangler modelinin amerikan çeşidində yenilik var: bu, avtomobildən tez-tez dərin qumda (məsələn, çimərlikdə) istifadə edənlərə yönəldilən High Tide versiyasıdır. Yeni versiya sadə Wrangler Sport S modifikasiyasına əsaslanır və ofroud qabilyyətini artıran Xtreme Recon paketi ilə təchiz edilib. Xatırladaq ki, adı çəkilən paket ən qatı ofroud qabiliyyətinə malik olan Rubicon versiyası üçün opsiyadır.
Xtreme Recon paketi asqının 38 millimetrlik liftinqini, 35-düymlük BF Goodrich T/A K02 yolsuzluq şinlərinin quraşdırılmasını, demultiplikatorun ötürmə əmsalının 3,45:1-dən 4,56:1-ə artırlmasını, təkər tağlarının genişləndirilməsini və baqaj qapısının cəftələrinin gücləndirilməsini nəzərdə tutur. Lakin gücləndirilmiş körpülər, təkərlərarası differansialın kilidlənməsi və ayrılan stabilizatorlar Rubicon modifikasiyasının imtiyazı olaraq qalır. Odur ki, ciddi yolsuzluğun qət edilməsi üçün Rubicon daha məqsədəuyğundur.
Lakin Wrangler High Tide versiyası kuzov rəngindəki sərt dam, LED işıq texnikası və digər elementlərlə standart olaraq təchiz edilir. Belə versiya yalnız 289 at qüvvəli 3,6-litrlik V6 atmosfer mühərriki və 8-pilləli “avtomat” ilə təklif olunur. High Tide versiyasında olan ofrouderin qiyməti 49 min dollardır. Sərt dama və Xtreme Recon dəstinə malik olan Rubicon versiyası yeddi min dollar baha başa gələcəkdir.
Bundan başqa, yeni model ilinin “Renqler” modelinin rəng palitrasına sarı rəng (395 dollar) əlavə edilir. Aprel ayında diler mərkəzlərinə çatdırılacaq Ilk 500 Jeep Wrangler High Tide ofrouderləri kapotuna müvafiq etiketlər yapışdırılmış Jeep Beach versiyasında olacaqlar.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.