Yenilənmiş Jeep Wrangler bu günlərdə işinə başlamış Nyu York avtosalonun əsas yeniliklərindən biridir. Wrangler ümumiyyətlə restaylinq və feyslift tələb edən avtomobillərdən biri olmasa da, indi buna həmişəkindən daha çox ehtiyac var. Səbəb - əlbəttə ki, rəqabətdir. Rəqib isə bəllidir - çərçivəli Ford Bronco ofrouderi. Buna görə də, konveyer ömrünün altıncı ilində Wrangler JL yenilənmədən keçib.
Restaylinqin əsas xarici əlaməti hündürlüyü azaldılmış radiator barmaqlığıdır. İndi yeddi firma lameli bütöv ön paneldəki yuvalardan deyil, qara plastikdən hazırlanmış ayrıca əlavədən ibarətdir. Barmaqlığın hündürlüyünün azalmasını kompensasiya etmək üçün mühəndislər və dizaynerlər yuvalar arasında keçidlər də düzəldiblər: indi hava onların arasından da radiatora axır.
Sağ qanaddakı çubuq-antenna yoxa çıxıb: yeni antenna ön şüşənin çərçivəsinə quraşdırılıb. Təkər disklərinin dizaynı da dəyişdirilib: diametri 17-dən 20 düymədək olan variantlar var. Zavod opsiyaları arasında dartma gücü 3,6 ton olan Warn bucurqadı var: o, ön bamperdə quraşdırılıb. Başqa xarici dəyişikliklər yoxdur.
Salondakı əsas yenilik genişformatlı 12,3-düymlük ekranı olan yeni Uconnect 5 media sistemidir. Bu sistem artıq standart təchizata daxildir, halbuki əvvəllər Wrangler beş və ya yeddi düymlük ekrana sahib ola bilərdi. Yeni ekranı yerləşdirmək üçün ön panel yenidən işlənməli olub: dəyirmi ventilyasiya deflektorlarının əvəzinə, indi mərkəzdə nazik düzbucaqlı deflektorlar yerləşdirilib və cihazlar panelinin (panel özü dəyişməyib) çərçivəsi dəyişdirilib.
Standart naviqasiya sistemində, əfsanəvi Rubicon Trail də daxil olmaqla, ən populyar ofroud marşrutlarının yazıldığı Trails Offroad bölməsi peyda olub. Ödənişli abunə isə, üç mindən çox belə marşrutlara giriş imkanı verəcəkdir.
Daha vacib bir yenilik: bundan sonra istisnasız olaraq bütün Wrangler modellərində təhlükəsizlik pərdələri quraşdırılacaqdır, halbuki əvvəllər ön oturacaqlarda yalnız yan təhlükəsizlik yastıqları var idi.
Modernləşdirmə güc aqreqatlarına şamil edilməyib. Jeep Wrangler dörd fərqli versiyada təklif olunur. 2,0-litrlik “turbodördlük” (274 at qüvvəsi) və 3,6-litrlik V6 (289 at qüvvəsi) mexaniki transmissiya və ya səkkiz pilləli “avtomat” ilə tandemdə çalışa bilərlər.
Wrangler 4xe plagin hibridi ümumi gücü 380 at qüvvəsinə malik olan 2,0-litrlik benzin turbomühərrikinə və elektrik mühərrikinə, Rubicon 392 top versiyası isə 477 qüvvəli 6,4-litrlik V8 atmosfer mühərrikinə malikdir. Bu modifikasiyalar yalnız avtomatik transmissiya ilə təchiz edilirlər. Dizel mühərrik çeşidindən çıxarılıb.
Əvvəlki kimi, part-time transmissiyası və ön oxda muftası olan tam ötürmə arasında seçim var. Yeganə texniki yenilənmə Rubicon versiyasında baş verib: o, gücləndirilmiş Dana 44 HD Full Float arxa körpüsünə sahib olub. Hibrid “Renqler” modelləri üçün isə Power Box (müxtəlif elektrik cihazlarını birləşdirmək üçün dörd məişət rozetkası olan konvertor) sistemi əlçatandır.
Yenilənmiş ailəyə əvvəlki Sport, Sport S, Willys, Sahara, High Altitude və Rubicon təchizat səviyyələri daxildir. Burada cəmi iki yenilik var.
Birincisi, hibridi indi sadə Sport S versiyasında sifariş etmək olar (əvvəllər onun üçün “baza” təchizatı Willys idi). İkincisi, adi Rubicon versiyasından polad bamperləri, xarici diametri 35 düym olan şinləri, ön kamerası, oturacaqların nappa dərisindən üzlükləri, elektrikli ön oturacaqları və digər avadanlıqları ilə fərqlənən Rubicon X versiyası peyda olub.
Amerikada yenilənmiş Jeep Wrangler modellərinin satışına yayda başlanmalıdır. İxrac bazarlarında isə avtomobillər daha sonra peyda olacaqlar.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.