2010-cu ildə yaradılmış Jensen International firmasının yeganə məşğuliyyəti retro üslubunda avtomobillərin müasirləşdirilməsi olub. Firma vaxtı ilə istehsal etdiyi Jensen Interceptor modelini müstəqil asqı, müasir əyləc mexanizmləri və sükan sistemi ilə təchiz etməyi təklif edir.
Mütəxəssislər həmçinin restomod avtomobillərini sensorlu displeyi olan multimedia sistemi və yüksək keyfiyyətli dəri salonla da təchiz edirlər. Üstəlik, Jensen mütəxəssisləri Interceptor modelinin köhnə Chrysler mühərriklərini GM konsernin yeni güc aqreqatları ilə əvəzləyirlər. Əvvəlcə Jensen Corvette modelinin mühərriklərini quraşdırsalar da, sonradan Cadillac CTS-V modellərində tətbiq edilən üfürməli LSA mühərrikinə keçiblər.
Amma deyəsən bu işdə britaniyalıların ümid etdiyi qədər “çörək pulu” yoxdur. Bunun birinci səbəbi orijinal Interceptor modellərinin məhdud sayııdır – avtomobillərin sayı iki mini belə keçmir. İkincisi isə, raritet sahibləri 120 min funt-sterlinq ödəyərək, avtomobiilərinin kolleksiya dəyərini itirmək istəmirlər. Buna görə də, Jensen mütəxəssisləri yeni təkmilləşdirmə obyektinin axtarışına başlayıblar və 1993-cü ilin Range Rover Classic ofroderini seçiblər.
Əslində bu layihədə original avtomobildən qalan, üçüncü nəsil Land Rover Discovery modelinin qısaldılmış şassisinə otuzdurulan kuzovudur. Etibarlılığı ilə seçilməyən 3,9-litrlik V8 mühərriki isə, Cadillac şirkətinin 563 at qüvvəsi və 747 Nm fırlanma anı hasil edən 6,2-litrlik LSA V8 mühərriki ilə əvəz edilir. Yeni güc aqreqatı altı pilləli avtomatik transmissiyası və GM şirkətinin paylayıcı qutusu ilə tandemdə işləyir. Nəticədə Britaniya Chieftain tankının şərəfinə adlandırılmış ofroder 100 km/saat həddinə 4,5 saniyəyə sürətlənir.
Müasir Range Rover avtomobillərindən yalnız Range Rover Sport SVR modeli bu monstrla bacarmaq imkanına malikdir. Əlbəttə ki, ofroderin salonunun Jensen modellərinin üslubunda tərtib edildiyindən danışmaq yersizdir. Range Rover “Çifteynin” qiyməti Interceptor modelindən iki dəfə çoxdur – 250 min funt-sterlinq. Qeyd etmək gərəkdir ki, Land Rover Classic zavod atelyesi tərəfindən bərpa edilən ilk nəsil Range Rover modeli 170 min funt-sterlinqə başa gələcəkdir.