İngiltərənin Jensen International Automotive (JIA) şirkəti əfsanəvi Interceptor adını yeni nəsil avtomobillə geri qaytarıb. İlk təqdim olunan versiya Interceptor GTX yalnız trek üçün nəzərdə tutulmuş prototipdir və gələcək yol avtomobilləri üçün texniki baza rolunu oynayacaq.
GTX modelinin əsasını alüminium məkan karkası təşkil edir. Kuzov panelləri isə karbonplastikdən hazırlanıb. Avtomobilin aerodinamikası 350 kiloqrama qədər yerəbasma qüvvəsi yaradan tənzimlənən arxa antiqanadla tamamlanır. Asqıda ikiqat köndələn qollar, Nitron amortizatorları, əyləc sistemində isə AP Racing firmasının altı və dörd porşenli mexanizmləri istifadə olunub.
Kapotun altında 6,8 litrlik kompressorlu V8 yerləşir. GM-in LT2 mühərriki əsasında hazırlanan aqreqat 973 at gücü və 1491 Nm hasil edir. Bununla belə pik göstəricinin 1217 at gücünə çatacağı bildirilir. Güc arxa təkərlərə altı pilləli sekvensial transmissiya vasitəsilə ötürülür.
GTX-dən sonra JIA şirkəti Interceptor GTR və daha komfortlu Interceptor GT adlı yol versiyalarını hazırlayacaq. Trek versiyasının satışına 2028-ci ildə başlanması planlaşdırılır.
Jensen adı geri qayıdıb — bu dəfə daha müasir və daha aqressiv formada.
© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.










