Adətən, Kahn Design atelyesini Land Rover şirkətinin istehsal etdiyi avtomobillərin tüninqi ilə tanımışıq. Buna görə də, britaniyalılar tərəfindən tüninq edilmiş Mercedes-Benz G-Class avtomobilini görmək bir qədər qeyri-adi təsir bağışlayır. Bu əfsanəvi avtomobil üçün o qədər tuninq dəstləri təklif edilir ki, nə isə yeni bir üslub təklif etmək çox çətin bir işdir. Kahn atelyesinin dəsti xətti ilə Defender avtomobili üçün təklif edilən çoxsaylı tuninq dəstlərindən tanışıq. Atelye mütəxəssislərinin əlindən çıxmış G-Class’ın zahiri görkəminə baxdıqda, Kahn’nın üslubunun avtomobilin kvadrat formalı kuzovu üçün də uyğun olduğunu görürük.
2003-cü ilin Mercedes-Benz G55 AMG modelinin əsasında hazırlanmış və «Military Edition» indeksi verilmiş avtomobil, xüsusi 22-düymlük G06 Diamond Cut və Shadow Chrome diskləri ilə təchiz edilmiş və britaniya hərbiçilərinin istifadə etdiyi yaşıl-mat rənginə boyanmışdır.
Atelyenin bildirdiyinə görə, avtomobil teleserialların birində çəkilmək üçün yeganə nüsxədə hazırlanmışdır. G55 AMG Military Edition lyuks avtomobiinin malik olacağı bir çox avadanlığa malikdir. Bunların sırasına dəri salon, tam elektropaket və parktronik də daxildir.
5,5-litrlik mühərriklə təchiz edilmiş və odometrində 41600 mil (66948 km) olan avtomobilin qiyməti 46995 funt-sterlinq (109113 manat) təyin edilmişdir ki, bu da 13 illik avtomobil üçün heç də az məbləğ deyil.