Lyuis Həmilton bazar günü keçirilmiş Kanada Qran Prisində damalı bayrağı görən ilk pilot olmuşdur. Şənbə günü fantastik zamana imza atan britaniyalı yarışa startdan finişə qədər inamla başçılıq etmişdir. Üstəlik Lyuis Kanadada növbəti «böyük dəbliqəni» də öz adına yazdırmışdır.

Hər zaman olduğu kimi, Kanada Qran Prisinin startı hadisəsiz ötüşməmişdir. Elə startda əla start almış Maks Ferstappen Fettel, Bottas və Rəykkoneni arxda qoyaraq ikinci yerə yüksəlmişdir. Ferstappenin bu sıçrayışı Fettelə baha başa gəlmişdir - Maks hücum zamanı Ferrari bolidinin ön qanadına xəsarət yetirmişdi.

Eyni zamanda Valtteri Bottas da Fetteli ötməyi bacarmışdır. Fettellə bərabər mövqe itkisinə məruz qalan pilot onun komanda yoldaşı Kimi Rəykkonen olmuşdur.

İlk döngədən sonra Qrojanla Saynsın təması heç bir günahı olmayan Massanın yarışdan kənar qalmasına səbəb oldu.

Bu qəzanın nəticələrinin aradan qaldırılması üçün təhlükəsizlik avtomobili də trekə daxil oldu. Nə qədər qəribə səslənsə də, Ferrari rəhbərliyi bu dəfə də səhv addım atdı - təhlükəsizlik avtomobili trekdə olarkən Fetteli pitə çağırıb zədələnmiş ön qanadı dəyişmədi.

Beşınci dövrədə verilən restartdan sonra Ferrari boldinin zədələnmiş ön qanadı parçalandı və Fettel artıq məcburi pit-stopa yollanmalı oldu.

Pitdən çıxan Sebastyan 18-ci olaraq yarışa qayıtdı. Bu arada Kiminin buraxdığı kiçik səhv qəza ilə nəticələnə bilərdi. Kiminin səhvindən istifadə edən Peres onu keçməyə müvəffəq oldu.  Qeyd etmək lazımdır ki, bu hadisələrdən ən çox yararlanan pilot Həmilton oldu - Ferstappenin aşağı tempi ona təqibçiləri ilə aranı açmaq imkanı verdi və onun növbəti qələbəsinin əsasını qoydu. Ferstappen isə, 12-ci dövrədə ümumiyyətlə yarışla vidalaşmalı oldu - bu dəfə ötürmələr qutusunun nasazlığı hollandiyalını podiumdan etdi. Bu arada ev sahibi olan Lens Strol Niko Hülkenberqi keçərək 10-cu yerə yüksəldi.

İlk planlaşdırılmış pit-stopa yollanan pilot Rəyykonen olsa da, 10 dövrə sürət pit-stoplar dalğasında sonuncu pit-stopa girən pilot yarışa liderlik edən Həmilton idi.

Nə qədər gözlənilməz olsa da Həmiltonun ardınca ikinci yerə Okon yüksəldi. 32-ci dövrədə Force İndia pilotun pit-stopa yollanaraq yarışa liderlik etmək şansını qaçırdı. Pit-stoplardan sonra Həmiltonun ardınca ikinci yerə yüksələn Bottas yarışı inamla başa çatdıraraq Mercedes komandasına bu mövsümdə ilk dubluna imza atmağa imkan verdi. Üçüncü yerdə yarışı tamçamlayan pilot isə, Red Bull komandasının pilotu Daniel Rikkardo oldu. Qeyd etmək lazımdır ki, yarışın sonlarına yaxın Peres və Okonun Rikkardonu keçmək şansı olsa da, meksikalının keçi inadı Force İndia komandasını podiumdan etdi. İş orasındadır ki, Okon komanda yoldaşı ilə müqayisədə daha sürətli idi və komanda Peresdən onu irəli buraxmağı tələb edirdi. Okonun Peresi keçməsi halında Rikkardoya hücum etmək şansı vardı. Lakin, Peres komandanın xahişini dinləməyərək sonuna qədər Okonu irəli buraxmadı.

Bunun labüd nəticəsi olaraq, ikinci pit-stopdan sonra UltraSoft təkərlərinə keçən Fettel nəinki hər iki Force İndia pilotunu yaxaladı, hətta əvvəlcə Okonu, sonra isə Peresi ötməyi bacardı.

Böyük ehtimalla, yarışdan sonra Force İndia qarajına gərgin anların yaşanacağı qaçınılmazdır. Hər halda, Peres komandaya itaətsizlik etməyin cəzasını çəkəcəkdir.

Daha bir maraqlı an xal qazanmaq şansı olan Fernando Alonsonun yenə də Honda mühərrikinin qurbanı olması anı idi. Yarışın bitməsinə iki dövrə qalmış yapon mühərriki növbəti dəfə iflas edərək ispan pilotu məyus etdi. Bundan sonra tribunalara qalxan Alonso əlcəklərini tamaşaçılara ataraq McLaren Honda komandasına gizli ismarıcını göndərmiş oldu. Beləliklə, Kanada Qran Prisindən sonra Fettel 141 xalla pilotlar çempionatına liderliyini davam etdirir. Həmilton isə bu qələbəsi sayəsində xal fərqini 12 xala qədər azaltmışdır. Kanadada əldə edilmiş dubl konstruktorlar kubokunda Mercedes’ə Ferrari’ni yenidən üstələmək imkanı vermişdir.

Bilıdiyimiz kimi, növbəti Qran Pri iki həftə sonra Bakıdakı trekdə keçiriləcək Azərbaycan Qran Prisi olacaqdır.   

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt