Kanadanın Daymak şirkəti C5 Blast adlı elektrik kartını təqdim etmişdir. İstehsalçı bu kartın dünyanın ən sürətli kartı olduğundan əmindir. Kanadalıların hesablamalarına görə, kart 60 mil/saat (96 km/saat) həddinə 1,5 saniyəyə sürətlənəcəkdir.
Kart qeyri-adi güc qurğusu ilə təchiz edilmişdir ki, təkərləri 14 at qüvvəli elektromotor, həmçinin 12 turbopər vasitəsi ilə hərəkətə gəlir. Bu turbopərlərdən dördü 60 kiloqram dartma qüvvəsi yaradaraq, kartı sürətləndirməyə kömək edir. Qalan səkkiz pər isə qalxma qüvvəsini təmin edir ki, bunun sayəsində də kartın çəkisi 200 kiloqramdan 100 kiloqrama azalmış olur.
Rekordu qeydə almaq üçün sınaq yürüşü aparılmasa da, kanadalılar Osnabryuk tətbiqi elmlər universitetinin qeydə aldığı rekordu üstələməyə ümid edirlər.
Universitetin Ginnessin rekordlar kitabına düşmüş kartı 100 km/saata 2,635 saniyəyə sürətlənmişdir.
Daymak C5 Blast kartının qiyməti 59995 dollar təşkil edəcəkdir. Lakin, onun 9999 dollar dəyərində olan sadə variantı da olacaqdır. Bu variant yalnız elektromotorla hərəkətə gələcək və turbopərlərdən məhrum olacaqdır.