Keçmiş avtoidman yarışçısı Antuan Bessett tərəfindən yaradılmış Felino firması, Torontoda keçiriləcək beynəlxalq avtosalona cB7R superkarını gətirəcəkdir. Kanadada fəaliyyət göstərən kiçik firma 10 ədəd superkar istehsal edərək, onların hər birini 360 min kanada dollarına (470 min manat) satmağı planlaşdırır.

Felino cB7R modeli artıq bir neçə ildir ki müxtəlif sərgilərdə nümayiş etdirilir. Məsələn, superkar keçən il Kanadada keçirilən sərgidə də geniş kütlə qarşısına çıxıb. Qeyd etmək gərəkdir ki, bu günə qədər kupe heç bir dəyişikliyə məruz qalmayıb. 

Sportkarın əsasını ikiqat köndələn qollu tənzimlənən asqıya malik olan şassi təşkil edir. Avtomobilin kuzovu karbonplastik və digər kompozit materiallardan hazırlanıb. Sportkar 390 və 378 millimetrlik diskləri və altı və dörd porşenli mexanizmləri olan əyləc sistemi ilə təchiz edilib.

Felino cB7R modeli standart olaraq 532 at qüvvəsi və 659 Nm fırlanma anı hasil edən 6,2-litrlik V8 mühərriki ilə təchiz edilir. Kupe 100 km/saat həddinə 2,9 saniyəyə sürətlənir və 325 km/saat maksimal sürət həddinə malikdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Opsional 7,0-litrlik mühərrik 710 at qüvvəsi və 786 Nm fırlanma anı hasil edir. Bu mühərriklə təchiz edilmiş kupenin maksimal sürəti 345 km/saat təşkil edir. 100 km/saata sürətlənmə zamanı isə dəyişilməz qalır. Güc aqreqatını 6-pilləli mexaniki və ya sekvental ötürmələr qutusu ilə sifariş etmək olar.

Felino firmasının portfoliosunda sportkarın cB7+ adlı ekstremal versiyası da mövcuddur. Doğrudur, bu modifikasiya hələlik virtual şəkildə mövcuddur, lakin kanadalılar avtomobilin ilin sonuna qədər debüt edəcəyini bsöyləyirlər. Ekstremal versiya aqressiv aerodinamik dəsti, az çəkisi və gücü artırılmış mühərriki ilə seçiləcəkdir.