Renault-Nissan-Mitsubishi alyansının keçmiş rəhbəri Karlos Qon (Carlos Ghosn) maliyyə fırıldaqçılığı ittihamı ilə mühakimə gözlədiyi Yaponiyadan qaçıb. Yaponiyada ev həbsində tutulan sabiq top menecer 30 dekabr tarixində Livana gəlib. Söylənilənlərə görə, Qon sərhəddi saxta ad altında keçib.
Renault-Nissan-Mitsubishi alyansının keçmiş rəhbəri «ədalətdən qaçmadığını, ədalətsizlikdən və siyasi təqiblərdən qaçdığını» söyləyib. Qonun dediklərindən belə çıxır ki, yapon ədliyyə sistemi əsas insan hüquqlarına hörmət etmir və ona görə də «əsirlikdə qalmaq» niyyətində deyil.
Braziliyada doğulmuş Karlos Qonun kökləri livan mənşəlidir və o, Beyrutda böyüyüb. Qonun üçlü vətəndaşlığı var - Braziliya, Livan və Fransa. Qonun vəkillərinin sözlərinə görə, onun bütün pasportları onların əlindədir və Qon sərhədi keçmək üçün onlardan istifadə edə bilməzdi. Vəkillər onun hərəkətlərini «bağışlanmaz» adlandırıblar.
Renault-Nissan-Mitsubishi alyansının rəhbəri 2018-ci ilin noyabr ayında Tokioda həbs olunub. O, şirkətin aktivlərini şəxsi məqsədlər üçün istifadə etməkdə və birjaya təqdim etdiyi hesabatlarda aldığı mükafatların məbləğini gizlətməkdə ittiham olunur. Yaponiya hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, 2010 - 2014-cü illər arasında Qon beş milyard yen (44.4 milyon dollar) məbləğində gəlir haqqında məlumatı təqdim etməyib. Bu səbəbdən də Qonu 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir və məhkəmə önümüzdəki aylarda qərar verməli idi.
2019-cu ilin yanvarında Qon Renault rəhbəri vəzifəsindən istefa edib, sonra isə Nissan və Mitsubishi şirkətlərinin idarə heyətinin sədri vəzifəsini itirib. Bu ilin mart ayında alyansın sabiq rəhbəri bir milyard yen girov müqabilində sərbəst buraxılıb - Qon Yaponiyada qalacağı, evdən kənarda insanlarla əlaqə saxlamayacağı barədə iltizam vermişdi. Qeyd etmək gərəkdir ki, sabiq top menecerin evi daim video nəzarətdə olub.
Mənbə: Reuters