Bir gün əvvəl Yaponiyadakı ev həbsindən qaçan Renault-Nissan-Mitsubishi alyansının keçmiş rəhbəri Karlos Qon mətbuat konfransı keçirəcəyini bildirib. Qon mətbuatla 8 yanvar 2020-ci il tarixində Beyrutda görüşməyi planlaşdırır. Bundan əlavə, maliyyə cinayətlərində ittiham olunan Qonun mühafizəçilərini aldadaraq Livana necə qaçması barədə təfərrüatlar məlum olub.
Reuters agentliyi yazır ki, mətbuat konfransının keçirilməsi barədə məlumatı Karlos Qonun vəkili məlumat verib. Eyni zamanda, nəşr, Renault-Nissan-Mitsubish alyansının keçmiş rəhbərinin qaçmasının təfərrüatlarının hələ də məlum olmadığını bildirib. Lakin, Livanın MTV kanalının jurnalistlərinin baş verənlərlə bağlı öz versiyası vardır. Kanalın məlumatına görə, özlərini dəvət edilmiş musiqiçilər kimi təqdim edən özəl təhlükəsizlik şirkətinin əməkdaşları Karlos Qona Yaponiyadan qaçmasına kömək ediblər.
Qon musiqi alətinin futlyarında gizlədilərək, xüsusi təyyarədə Osaka beynəlxalq hava limanı vasitəsilə əvvəlcə Türkiyəyə, sonra isə Livana aparılıb. BBC yazır ki, Qonun GPS izləyicisi taxması tələb olunmadığına görə onun yoxa çıxması dərhal aşkar edilməyib. Keçmiş top menecerin həyat yoldaşı onunla yenidən görüşməyin «həyatındakı ən yaxşı hədiyyə» olduğunu söyləyib, lakin musiqiçi-mühafizəçilər barədə əhvalatın uydurma olduğunu bildirib.