Uzun müddət Nissan şirkətinin icraçı direktoru və prezidenti olan Karlos Qon öz səlahiyyətlərindən imtina etdiyini açıqlayıb. Onun yerini Harito Saikava tutacaqdır.
Yapon avtomobil konserni idarə heyətinin tərkibində ciddi dəyişikliklərin baş verdiyi haqqında məlumat vermişdir. Cari ilin aprel ayından başlayaraq icraçı direktor və prezident vəzifəsini Karlos Qonun müavini Harito Saikava tutacaqdır. İstehsalçının dərc etdiyi bəyanatda Qonun direktorlar şurasının sədri olaraq fəaliyyətini davam etdirəcəyi bildirilmişdir. Bu günə qədər Karlos Qon eyni zamanda üç yüksək vəzifədə çalışırdı.
Xatırladaq ki, keçən ilin payızında Mitsubishi şirkətinin yanacaq sərfiyyatı göstəriciləri barədə yalan məlumat verməsi ilə bağlı yaranmış qalmaqaldan sonra, Nissan yapon istehsalçının səhmlərinin 34 faizini almaq məcburiyyətində qalmışdı. Eyni vaxtda Karlos Qonun Mitsubishi şirkətinin icraçı direktoru olacağı barədə bəyənat da verilmişdi. Bu günə Qon Renault şirkətində də analoji vəzifəni tutur.