Yaponiyada həbsdə olan Karlos Qon Renault şirkətinin idarə heyətinin sədri və icraçı direktoru vəzifələrindən istefa verib. Bu barədə Davosda keçirilən iqtisadi forumda iştirak edən Fransanın maliyyə naziri Bruno Le Mer xəbər verib. Xatırladaq ki, bir müddət bundan öncə, Qon Nissan şirkətində tutduğu analoji vəzifədən azad edilib.
Jan-Dominik Senar və Tyeri Bollore
Belə bir addımın atılacağı barədə şayiələr son günlərdə cərəyan etməkdə idi. Məlumatı olan mənbələr Renault şirkətinin idarə heyətinə Fransa hökumətinin təzyiq göstərdiyini bildiriblər. Məlumdur ki, Fransa hökuməti şirkətin 15 faizlik səhmlərinə sahibdir. Renault rəhbərliyi son ana qədər Qonu istefaya göndərmək istəməyib və səbəb kimi Nissan şirkətinin təşəbbüsü ilə açılmış cinayət işindəki qeyri-müəyyənliklər göstərilib.
Tyeri Bollore
Çox güman ki, Fransa hökumətini təzyiqi artırmağa vadar edən amillərdən biri də, Karlos Qonun uzun müddət yapon həbsxanasında saxlanılmaı olub. Qonun bütün pasportlarını təhvil verməyə və izləyici qurğunu daşımağa hazır olmasına baxmayaraq, yapon məhkəməsi onu girov qarşılığında azadlığa buraxmaqdan iki dəfə imtina edib. Məhkəmə, Qonun ölkədən qaçmaq və ya şahidlərə təsir göstərmək imkanlarının olduğunu əsas gətirib. Məhkəmə prosesinin təxminən yarım ildən sonra başlayacağı ehtimal olunur. Bu isə, Karlos Qonun ən azından altı ay həbsdə qalacağından xəbər verir.
Jan-Dominik Senar və Tyeri Bollore
Renault şirkətinin direktorlar şurası dünən səhər keçirdiyi yığıncaqda baş vermiş struktur dəyişikliklərini və yeni təyinatları təsdiq edib. Renault şirkətinin İdarə heyətinin sədri vəzifəsinə Michelin şirkətinin keçmiş rəhbəri Jan-Dominik Senar, icraçı direktoru isə, bu vəzifəni noyabr ayından müvəqqəti olaraq icra edən Tyeri Bollore təyin edilib.