Atalarımız «yıxılana balta vuran çox olar» deyimini boş yerə işlətməyiblər. Misal üçün uzağa getmək lazım deyil - elə götürək günlərini yapon türməsində keçirən Karlos Qonu. Yapon «baltasından» sonra, Karlosa növbəti zərbə fransızlardan gəlib.
Məlum olduğu kimi, Nissan şirkəti Tokio prokurorluğuna müraciət edərək Karlosun vəzifəsindən sui-istifadə etdiyini bildirib və aşkar olunan faktları ortaya qoyub. Bundan sonra, müstəntiqlərə Karlos Qonu təyyarədəcə həbs etmək qalıb. Beləliklə, vaxtı ilə sərgilərdə ətrafına yaxınlaşmaq belə yasaq olan top-menecer hazırda həbsxanada günlərini sayır.
Artıq qeyd etdiyimiz kimi, bu günlərdə Karlos müəllimə növbəti zərbə Fransadan gəlib - Renault şirkəti yerli hüquq mühafizə orqanlarına müraciət edərək, Qonu vəzifəsindən sui-istifadədə şübhəli bildiyini bəyan edib. Fransız istehsalçısı, Qonun 2016-ci ildə baş tutmuş toyunun şirkətin vəsaitini hesabına keçirildiyindən şübhələnir. Renault, Karlos Qonun şirkət ilə Versal muzeyi arasında bağlanmış müqavilə sayəsində 50000 avro qazanc əldə etdiyindən şübhələnir.
2016-cı ildə Karlos Qon Renault şirkətinin adından Versal muzeyi ilə müqavilə bağlayaraq saray-park kompleksinin bərpa işlərinin bir hissəsini maliyyələşdirib. Bunun əvəzinə Versal kompleksi şirkətə «müxtəlif xidmətlər» göstərib ki, bu xidmətlərin arasında Qonun toyu da olub. Renault şirkətinin hüquqşünasları mərasimin özəl xarakter daşıdığını və şirkətin maraqlarına cavab vermədiyini hesab edərək, bu barədə Fransa hökumətinə məlumat veriblər.