Bu il 10 illik yubileyini qeyd edən Kaliforniya brendi, yenidən dirçəldikdən sonra, hazırladığı ikinci avtomobilini təqdim edib. Gyesera adlanan elektrik sedanı ABŞ-ın Florida ştatında keçirilən Amelia Island Concours D'Elegance zəruflik müsabiqəsində debüt edib. Yeni modeli Tesla Model S elektrokarının rəqib kimi görsələr də, real rəqabətə Gyesera modelinin məhdud tirajı mane olur. Karma elektrik sedanının tirajının iki mindən çox olmayacağını bəyan edib.
Karma Gyesera - tamötürməli sedandır. O, iki elektrik mühərrikindən (hər oxda biri) ibarət olan və ümumilikdə 590 at qüvvəsi və 940 Nm fırlanma anı hasil edən güc qurğusu ilə hərəkətə gəlir.
Gyesera sedanı yenidən canlandırılan brendin ilki olan Kaveya superkupesindən demək olar ki, iki dəfə zəifdir. Üstəlik, o, güc baxımından Plaid prefiksi olmayan Model S elektrokarından təxminən 100 at qüvvəsi geri qalır.
Gyesera sıfırdan 60 mil/saata (97 km/saat) 4,2 saniyəyə sürətlənir, onun maksimal sürəti 135 mil/saat (217 km/saat) təşkil edir. Gyesera yeganə 120 kilovat-saatlıq litium-ion batareyası ilə təklif edilir. Batareya sedanı 250 millik (402 kilometr) yürüş ehtiyatı ilə təmin edir.
Yeni sedan məkani alüminium çərçivədə inşa edilib və qeyri-bərabər uzunluqda qolları olan SLA tipli asqı ilə təchiz edilib. Kuzov panelləri karbon lifindən və alüminiumdan hazırlanıb. Avtomobilin çəkisi 2404 kiloqramdır.
O, ölçülərinə görə Tesla Model S modelindən böyük, lakin Mercedes-Benz EQS modelindən kiçikdir: Gyesera sedanın uzunluğu 5077 millimetr, eni – 2004 millimetr, hündürlüyü isə, 1330 millimetrdir. Təkər bazasının ölçüsü 3160 millimetr təşkil edir.
Karma şirkəti “yoldakı ən bərkgedən GT” adlandırdıqları Gyesera sedanının təchizatı haqqında təfərrüatları açıqlamayıblar. Bununla belə, elektromobilin Porsche Taycan və hətta Cadillac Celestiq modellərindən daha eksklüziv olacağı vəd edilir. Gyesera modelini sifariş etmək üçün beş min dollar beh qoymaq gərəkdir. Çatdırılmalara bu ilin sonunda başlanmalıdır.
Karma Automotive 2014-cü ildə Çinin Wanxiang şirkəti tərəfindən satın alınan müflis olmuş Fisker Automotive şirkətinin varisidir. Keçən il brendin rebrendinq ediləcəyi və lüks elektrik avtomobilləri istehsalçısına çevriləcəyi açıqlanmışdı. Yenidən dirçəldilmiş brendin ilki 1200 at qüvvəli Kaveya kupesi olub.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.