Kaliforniya brendinin yeni flaqmanı Las-Veqasda nümayiş etdirilib. O, aeroninamik kuzovu, gilyotin tipli qapıları, güclü elektrik qurğusunu alıb və 400 kilometrdən çox yürüş ehtiyatına malikdir. Kaveya adı hindidən götürülüb, tərcümədə "hərəkətdə olan poeziya" deməkdir. Karma brendini ultra-lüks amerikan elektromobilləri buraxan prestijli brendə çevirmək üçün nəzərdə tutulmuş superkupe 400 nüsxəlik tirajla buraxılmalıdır.
Karma Kaveya iki versiyada təklif ediləcək: arxa və tam ötürməli. Birinci versiya 543 at qüvvəli, ikinci isə 1196 at qüvvəsi və 1722 Nm fırlanma anı hasil edən güc qurğusuna malik olacaq. Tamötürməli versiya 60 mil/saat (97 km/saat) həddinə üç saniyədən az vaxta sürətlənəcək ki, bu da onun ən sürətli seriya elektromobilləri siyahısına daxil olmasını təmin etməlidir. Kaveya modelinin maksimal sürəti 290 km/saatın üzərində olmalıdır.
Kaveya modelinin güc qurğusu 120 kilovat-saatlıq batareyadan qidalanır. Kaveya dolu batareya ilə 400 kilometrdən çox məsafə qət edə biləcək. Batareyanın enerji ehtiyatını 10 faizdən 80 faizə qədər bərpa etmək üçün 45 dəqiqə tələb olunur.
Çindən maliyyələşən amerikan brendi digər yeniliklərini də anons edib. Amerikan istehsalçısı 2024-cü ilin üçüncü rübündə əvvəllər Fisker Karma kimi tanınan Revero hibridini yeniləmək niyyətindədir. Onun sırf elektrik ötürməsi ilə 100 kilometrdən çox məsafə qət edəcəyi bildirilir, lakin digər təfərrüatlar hələlik gizli saxlanılır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.