Tesla Cybertrack modelinin təqdimatından bir neçə saat əvvəl Karma şirkəti maraqlı bir tizer dərc edib. Tizerdə əlbəttə ki, pikap təsvir olunub. Özü də, iti bucaqrlara və düz formalara malik olan pikap. Deyəsən, düzbucaqlı və rəvan formalar yenidən dəbə minir.
Doğrudur, Karma şirkəti yeni model haqqında məlumat verməsə də, onların niyyətlərinin ciddi olduğunu nümayiş etdirəcək konseptin üzərində çalışmaların getdiyini bildirib. Böyük ehtimalla, Karma pikapı Tesla Cybertrack modelindən fərqli güc qurğusuna sahib olacaqdır. İlkin məlumata görə, pikap generator funksiyasını ifa edəcək DYM ilə təchiz ediləcəkdir. Amerikan şirkətində bu sxemi tam elektromobillərə “məntiqli alternativ” kimi səciyyələndiriblər.
Bundan başqa, firma gələcək modellərin də əsasını təşkil edəcək “skeytbord prinsipinə” dayanan platforma üzərində çalışdığını bəyan edib. Bu platforma həm elektrik, həm də hibrid avtomobilləri buraxmağa imkan verəcəkdir. Karma pikapının nə zaman debüt edəcəyi də açıqlanmayıb.