Britaniyadan olan Keating Supercars şirkəti gələn ilin aprelində Berus adlı superkarın təqdimat mərasimini keçirmək niyyətindədir. Yeni avtomobil aprel ayının iyirmisi tarixlərində keçiriləcək Top Marques Monaco Show tədbirinin çərçivəsində nümayiş etdiriləcəkdir. Buna baxmayaraq, şirkət nümayəndələri superkar haqqında müəyyən məlumatlarla bölüşmək qərarına gəlmişdirlər.
Onlar yeni avtomobilin bir neçə variantda hazırlanacaöını bildirmişdirlər. Superkarın başlanğıc variantı 660 at qüvvəsi gücü olan səkkiz silindirli benzin mühərriki ilə təchiz ediləcəkdir. Bundan başqa, superkar gücü 456 at qüvvəsi, fırlanma anı isə 1427 Nm olan elektromotorla da təchiz edilə bilər.
Keating Berus superkarının ən ekstremal modifikasiyası 2000 at qüvvəsi gücü olan qurğu ilə hərəkətə gələcəkdir. Qeyd etmək lazımdır ki, britaniya şirkəti bir neçə il bundan öncə, Bolt adını daşıyan superkar hazırlayacağı barədə bəyanat vermişdi. Onlar avtomobilin istehsalata yollanacağını söyləsələr də, bunu həyata keçirə bilməmişdilər.
Şirkət mütəxəssisləri bu günə qədər sınaq üçün nəzərdə tutulan prototip belə hazırlamamışdırlar. Çox güman ki, Berus layihəsi də gurultulu bəyanatlardan növbəti olanıdır.