Bir müddət bundan öncə, ABT Sportsline atelyesinin Audi SQ7 krossoveri üçün tüninq proqramını hazırladığı barədə xəbər vermişdik. Mart ayında Kemptendə yerləşən atelye "bərkgedən" Audi RS 7 Sportback liftbekinin və Audi RS 6 Avant universalının təkmilləşdirilmiş versiyalarını nümayiş etdirib.
Xatırladaq ki, tüner təkmilləşdirilmiş Audi SQ7 modelinin güc qurğusu barədə məlumat versə də, onun dinamik xarakteristikalarını açıqlamamışdı. Audi SQ7 modeli Avropada yalnız dizel mühərriki ilə təklif edilir. Artıq xəbər verdiyimiz kimi, kemptenli mütəxəssislər 4,0-litrlik səkkizsilindrli dizel mühərrikinin gücünü 435 at qüvvəsindən 510 at qüvvəsinə, fırlanma anını isə 900 Nm-dən 970 Nm-ə qədər artırıblar. Beləliklə, artmış güc xarakteristikaları sayəsində krossoverin 100 km/saata sürətlnmə müddəti 0,2 saniyə azalaraq 4,6 saniyəyə endirilib.
Mühərrikin gücünün artırılması ilə yanaşı, alman tüner Audi SQ7 modelini ABT Sound Control buraxılış sistemi ilə təchiz edib. Sonuncu sistem səsboğucunun səsini tənzimləmək imkanına malikdir. Əlbəttə ki, bütün bu dəyişikliklərlə yanaşı, krossover ABT məhsulu olan 22-düymlük təkər disklərinə (üç variantda) də sahib olub.
Sport GR adlı təkər diskləri parlaq və ya tutqun qara rəngdə, HR Aero - boz, HR-F isə gümüşü rəngdə təklif edilirlər. Bundan başqa, krossoveri tərkibinə yeni bamperlər, kandar əlavələri, baqaj qapısının üzərində quraşdırılan spoyler və təkər tağlarının genişləndiriciləri daxil olan aerodinamik kuzov dəsti ilə də təchiz etmək olar.
İnteryerin tərtibatında yüksək keyfiyyətli dəri, alkantara və karbondan geniş istifadə edilir. Bunlardan əlavə, salonda işıqlandırılan ABT loqotipi olan mühərriki işə salma düyməsi də quraşdırılır.