Bir sıra casus çəkilişləri və bəyanatlardan sonra KGM Actyon krossoveri nəhayət ki, Cənubi Koreyada rəsmi debüt edib. O, keçmiş SsangYong şirkəti tərəfindən yaradılıb və modelin yenidən canlanmasını bayram edir, çünki ilk SsangYong Actyon krossoveri 2005-ci ildə peyda olub. Bu adın Koreyanın daxili bazarındakı istifadəsi 2011-ci ildə dayandırılsa da, şirkət ondan tamamilə imtina etməyib - ixraca gedən avtomobillər Actyon adını daşıyıblar.
Yeni Actyon müstəqil model deyil, mövcud olan KGM Torres krossoverinin daha dəbli variantıdır.
Dizaynerlər donorun kuzovunun ön və arxa hissələrinin dizaynını dəyişdirib, rənglənməmiş plastikdən elementlərin əksəriyyəti və arxa tərəfdəki “bel çantalarından” imtina ediblər. Bütün versiyaların təchizatına daxil olan 20-düymlük təkər diskləri modelin asfalta istiqamətləndiyini vurğulayırlar.
Arxa tərəfin fərqli dizaynı orijinal Torres modeli ilə müqayisədə Actyon krossoverinin ölçülərini artırıb: onun uzunluğu 4740 millimetr (+ 40 millimetr), eni isə, 1920 millmetr (+ 30 millimetr) təşkil edir. Təkər bazası dəyişməz qalıb (2680 millimetr), hündürlük isə, 1720-dən 1680 millimetrə qədər azaldılıb.
Yeni KGM Actyon krossoverinin interyeri demək olar ki, Torres EVX elektromobilinin interyerini tam şəkildə təkrarlayır. Burada günəşliksiz ekran cütlüyünü və havada “süzən” mərkəzi tuneli görmək olar. Cihazlar panelinin və media sisteminin displeylərinin hər birinin diaqonalı 12,3 düymdür.
Yeni sükan çarxı quraşdırılıb, əlavə ödəniş müqabilində isə, rombşəkilli tikişləri olan dəri və zamşa birləşməsindən oturacaq üzlükləri təklif olunur. Avadanlıqların siyahısına kontur işıqlandırma, simsiz enerji doldurma və elektron köməkçilər dəsti daxildir. Baqajın həcmi 668 litrdir, arxa divanın qatlanması halda isə, bu həcm 1568 litrə qədər artır.
Texnologiya baxımından Actyon krossoveri Torres modelini, özü də onun benzin versiyasını tamamilə təkrarlayır, baxmayaraq ki, bu yaxınlarda şirkət bundan sonra bazara yalnız elektromobilləri çıxaracağını bildirmişdi. Kapotun altındakı 1,5-litrlik dördsilindrli turbomühərrik (170 at qüvvəsi, 280 Nm) köndələn şəkildə quraşdırılıb və altı pilləli Aisin “avtomatı” ilə birlikdə çalışır.
Ötürmə - ön oxa və ya tam (arxa oxda mufta ilə) ola bilər. Yeni krossoverin Koreyadadı satış qiymətləri artıq məlumdur: 33,95 - 36,49 milyon von arasında (24,900 - 26,700 dollar). Xatırladaq ki, orijinal Torres modelinin qiyməti 28,38 milyon vondan (20,800 dollar) başlayır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.