KIA şirkətinin Cənubi Koreyadakı ofisi yeni nəsil Cadenza modelinin bir neçə yeni fotoşəkillrini dərc etmişdir. Xatırladırıq ki, Cadenza modeli vətənində KİA K7 adı altında satılır. Avtomobilin yeni nəslinin zahiri və daxili görünüşü keçən ilin noyabr ayında açıqlansada, koreyalılar onun texniki cəhətləri barədə heç bir açıqlama verməmişdirlər. Avtomobilin zahiri görünüşü Cənubi Koreya şirkətinin yeni korporativ üslubuna uyğun olaraq yaradılmışdır. İlk növbədə nəzəri «pələng burnu» üslubunda hazırlanmış radiator barmaqlığı cəlb edir.
KİA dizaynerlərinin söylədiyinə görə, avtomobilin dizaynı üzərində işləyən zaman, onlar Avropa istehsalı olan premium sedanlara nəzər yetirmişdirlər. Açığını desək, avtomobilin dizaynı bir qədər konservativ üslubda yaradılmışdır.
Çox da cəlbedici görünüşə malik olmayan Cadenza, işıq diodları texnologiyası əsasında yaradılmış ön və arxa fənərlər, həmçinin, arxa bamperə quraşdırılmış buraxılış sisteminin xromla örtülmüş boruları ilə təchiz edilmişdir.
Yuxarıda qeyd etdiyimiz kimi, yeni avtomobilin texniki xüsusiyyətləri barədə heç bir məlumat yoxdur. Ancaq şəkillərdən birində aşkar etdiyimiz kimi, avtomobilin baqaj bölümünün üzərində «3.3» rəqəmləri mövcuddur.
Bu da böyük ehtimalla, Cadenza sedanında Genesis G90 modelindən tanış olan 365 at qüvvəli 3,3-litrlik ikiqat turbokompressorlu V6 mühərrikinin quraşdırılacağından xəbər verir.
Avtomobilin interyerinin şəkilləri hələ də dərc edilmədiyindən, biz yeni Cadenza’nın salonunun sələfindən daha geniş olacağı qənaətindəyik. Çox güman ki, avtomobilin rəsmi təqdimatı bu günlərdə işə başlayacaq Detroyt avtomobil sərgisində baş tutacaqdır.