Kia şirkəti yenilənmiş Carnival miniveninin ilk şəkillərini oktyabrın sonunda dərc edib. Lakin yenilənmiş minivenin tamölçülü təqdimatı yalnız indi, vətəni Cənubi Koreyada baş tutub. Eyni zamanda, yenilənmə barədə bütün təfərrüatlar, o cümlədən interyer və texniki hissə haqqında məlumat açıqlanıb.

Dizaynerlər 2020-ci ildə hazırkı modelin təqdimatı zamanı nümayiş etdirilmiş “krossven” konsepsiyasını inkişaf etdirmək qərarına gəliblər. Carnival tamamilə yeni ön və arxa hissəyə malikdir: yenilənmiş model daha böyük radiator barmaqlığını, şaquli ön fənərləri, üfüqi hissələrə malik olan arxa fənərləri, yenidən işlənmiş bamperləri, baqaj bölümünün qapağını və başqa dizaynlı təkər disklərini əldə edib. Bütün bunlar minivenə brutallıq əlavə etmək və onu darıxdırıcı ailə “avtobusu” obrazından uzaqlaşdırmaq üçündür.

Salonun təkamülü Kia Sorento krossoveri ilə eyni üslubda aparılıb. Cihazlar panelinin və multimedia sisteminin cütlənmiş ekranları öz ölçülərini (hər ikisi - 12,3 düym) saxlayıblar, lakin yüngül əyilməyə məruz qalıblar. Üstəlik, cihazlar paneli günəşlikdən məhrum edilib. Multimedia kompleksi indi “hava” üzərindən yeniləmə funksiyasına malik olan ən son proqram təminatını alıb.

Salonda fiziki idarəetmə orqanlarının əksəriyyətini itirmiş yeni klimat-kontrolun bloku peyda olub. Qəza işıqlarının düyməsi indi havalandırma sisteminin deflektorlarının arasında yerləşir, dekorativ örtüklər üçün nəzərdə tutulmuş materiallara yenidən baxılıb, qara parlaq plastikdən elementlərin sayı çoxalıb. Mərkəzi konsolda şəxsi əşyaları ultrabənövşəyi şüalarla dezinfeksiya etmək imkanı olan boks quraşdırılıb.

Seçimlərin siyahısı kontur işıqlandırması, barmaq izi skaneri və ölçüsü 11 düymə qədər artırılmış proyeksiya displeyi ilə genişləndirilib. Artıq Ergo Motion sürücü oturacağı da sifariş üçün əlçatandır. Yeni amortizatorlar və artan səs izolyasiya materialları gediş rahatlığını yaxşılaşdırmağa kömək etməlidirlər. Elektron sürücü köməkçilərinin çeşidi ikinci nəsil Highway Driving Assist sistemi ilə tamamlanıb. Bu, zolaqda saxlama funksiyasına malik olan adaptiv kruiz-kontroldur. Sələfindən fərqli olaraq, yeni sistem zolaq dəyişdirmə köməkçisinə malikdir.

Carnival Hi Limousine

Əsas texniki yenilik hibrid versiyasının peyda olmasıdır. O, 1,6-litrlik benzin “turbodördlüyü” (180 at qüvvəsi, 265 Nm) və 6-pilləli “avtomata” quraşdırılmış elektrik dartma mühərrikinə (73 at qüvvəsi, 304 Nm) malikdir. Hibrid qurğunun ümumi hasilatı 245 at qüvvəsi və 367 Nm-dir. İddia edilən ortalama  yanacaq sərfiyyatı əlverişli hərəkət şəraitində 100 kilometrə 7,1 litr təşkil edir. Bununla belə, 72 litrlik yanacaq çəni öz yerini qoruyub.

Carnival Hi Limousine

Əvvəlki mühərriklər də çeşiddə qalıb. Bunlar 3,5-litrlik V6 GDI (294 at qüvvəsi, 355 Nm) atmosfer mühərriki və 2,2-litrlik dördsilindrli turbodizeldir, baxmayaraq ki, onun hasilatı bir qədər azalıb (194 at qüvvəsi, 441 Nm). Hər iki aqreqat ənənəvi səkkiz pilləli avtomatik transmissiya ilə tandemdə çalışır. Ötürmə yalnız ön oxadır: Carnival miniveninin tam ötürməli versiyasını yaratmaq üçün kuzovun altlığı  dəyişdirilməlidir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yenilənmiş Kia Carnival minivenini artıq Cənubi Koreyada sifariş etmək olar. Orada qiymətlər 34,7 milyon vondan (26,400 dollar) başlayır. Yüksək damı və dörd nəfərlik salonu olan Carnival Hi Limousine dəbdəbəli top versiyası üçün 64,9 milyon von (49,400 dollar) istəyirlər.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.