Kia şirkəti gələn həftənin ortasında qapılarını media nümayəndələrinin üzünə açacaq Cenevrə avtosalonunda yeni nəsil Ceed modelinin universal kuzovlu variantını təqdim edəcəyini bildirib.
Universalın dərc etdiyimiz şəkli rəsmi fotoşəkil deyil, renderdir. Render hazırlanarkən əsas olaraq üçüncü nəsil Kia Ceed hetçbeki götürülüb. Sportwagen indeksini əldə edəcək modelin ön hissəsi hetçbeklə eyni olsa da, arxa hissəsinin çıxıntıları bir qədər uzun olacaqdır. Bu da modelin yükgötürmə qabiliyyətini ciddi çəkildə artıracaqdır. Yeni nəsil Kia Ceed hetçbeki bir müddət bundan öncə Cənubi Koreyada təqdim edilibdir.
Üçüncü nəsil Kia Ceed modeli Cənubi Koreya markasının daha möhkəm və yüngül K2 platformasında inşa edilmiş ilk avtomobili olacaqdır. Yeni platforma əvvəl istifadə edilən J4 platformasından 25 kiloqram yüngüldür. Ceed modelinin uzunluğu 4310 millimetr, eni – 1800 millimetr, hündürlüyü isə 1447 millimetr. Bu yeni modelin əvvəlkindən 20 millimetr enli və 23 millimetr alçaq olduğundan xəbər verir. Təkər bazasının uzunluğu dəyişilməz qalıb – 2650 millimetr.
Ceed modelinin mühərrik çeşidinə 120 at qüvvəli 1,0-litrlik üç silindrli mühərrik, 140 at qüvvəli 1,4-litrlik turbomühərrik, həmçinin 115 və 136 at qüvvəli variantlarda təklif ediləcək 1,6-litrlik dizel aqreqatı daxil edilib. Güc aqreqatları mexaniki transmissiya ilə tandemdə çalışacaqdırlar. Turbomühərrik və dizel aqreqatını yeddi pilləli iki muftalı robotlaşdırılmış ötürmələr qutusu ilə də sifariş etmək olar.