Kia şirkəti Tasman adlı çərçivəli pikapın tizerini nümayiş etdirib. İnsayder məlumatı təsdiqlənib: Koreya brendi nərdivan tipli çərçivə üzərində inşa edilmiş orta ölçülü pikap hazırlayır. 2025-ci ildə debüt edəcək pikap başlanğıcda turbodizel ilə təchiz ediləcək. Onun adı ilə bağlı təxminlər də doğru çıxıb. Tasman dənizi və Tasmaniya adasına istinad edən Tasman adı əvvəlcə Kia şirkətinin Avstraliya bölməsi tərəfindən təklif edilmişdi. Qeyd etmək gərəkdir ki, elə Avstraliya da Kia Tasman pikapı üçün əsas bazar olacaqdır.

Hələlik təsdiqlənməmiş məlumatlara görə, Kia Tasman pikapı Mohave ofrouderi ilə eyni platformanı paylaşacaq. Bu, Ford Ranger, Volkswagen Amarok və Toyota Hilux modelləri ilə rəqabət aparacaq və 1000 kiloqram yükgötürmə qabiliyyətinə malik olan orta ölçülü pikapdır. Şayiələrə görə, bir və iki cərgəli kabini, mono və tam ötürməsi olan variantlar hazırlanır.

Avstraliya mənbələrinin məlumatına görə, Tasman əvvəlcə yalnız turbodizel mühərriki ilə satılacaq. Ola bilsin ki, o, Sorento modelindən götürülmüş səkkiz pilləli “robot” ilə tandemdə çalışan 194 at qüvvəli 2,2-litrlik dördsilindrli mühərriki alacaq. Pikapın top versiyasının daha məhsuldar 3,0-litrlik altısilindrli aqreqat ilə təchiz olunacağı istisnaa edilmir. Sonradan elektrik versiyası da debüt edə bilər: Kia şirktinin “batareyalı” pikapın üzərində işlədiyi məlumdur.

Yəqin ki, Tasman modelinin təqdimatı ilin sonuna qədər baş tutmalıdır. Kia pikapın satışlarına gələn il başlamalıdır. Pikap Avstraliya ilə yanaşı, Cənubi Koreya, Afrika və Yaxın Şərq bazarlarına da daxil olacaq. Maraqlıdır ki, bundan əlavə, Tasman adı Uruqvay, Kosta Rika və Fransada da patentləşdirilib.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.