Kia markasının yeni dalğadan olan ilk elektomobili üzərindəki sirr pərdəsi tamamilə götürülüb. İlkin olaraq avtomobilin dizaynı barədə məlumat verən istehsalçı, bu dəfə daha geniş təfərrüatları açıqlayıb. Kia EV6 modeli E-GMP platformasına əsaslanan kross-hetçbekdir - yəni texniki cəhətdən bu yaxınlarda təqdim olunan Hyundai Ioniq 5 modelinin ən yaxın qohumudur. Lakin EV6 modelinin tamamilə fərqli form-faktoru və nisbətləri var.
Kia EV6
Kia EV6 modeli Ceed SW universalından bir qədər böyükdür: onun uzunluğu - 4680 millimetr (+ 80 millimetr), eni - 1880 millimetr (+ 80 millimetr), hündürlüyü isə 1550 millimetr (+ 75 millimetr) təşkil edir. Bununla birlikdə, təkər bazasındakı fərq daha ciddidir - 2650 millimetrə qarşı 2900 millimetr. Bunun sayəsində EV6 modeli daha geniş salona və ikinci cərgədəki hamar döşəməyə malikdir.
Kia EV6
Lakin baqaj bölünün həcminə görə EV6 kross-hetçbeki Ceed SW modelinə uduzur: 625 litrə qarşı 520 litr. Arxa sıranın qatlanması halında bu gəstərici 1300 litrə qədər artır. Bundan əlavə, ön tərəfdə başqa bir kiçik baqaj bölməsi var: arxa ötürməli versiyasıda bu bölüm 52 litr, tam ötürməli versiyada isə 20 litr yük götürür. Bundan başqa, 3.6 kilovata qədər gücü olan avadanlıqları qoşmaq və ya başqa bir elektrokarı doldurmaq üçün məişət rozetkası da var.
Kia EV6
Elektrokar iki 12,3 düymlük ekrana (cihazlar paneli və mediasistem üçün) və ismarıcları birbaşa yol səthində göstərən "tamamlanmış reallıq" funksiyasına sahib olan proyeksiya displeyinə malikdir. Mərkəzi havalandırma deflektorlarının altında mikroiqlimi, "musiqini" və naviqatoru idarə etmək üçün sensorlu "qaynar" düymələr bloku yerləşdirilib. Bununla belə, mühəndislər iki fırlanan tutacaqları əlavə etməkdən çəkinməyiblər.
Kia EV6 GT Line
EV6 modelində klassik düymələr də qorunub-saxlanılıb. Belə düymələrə sükan çarxında, onun solundakı blokda, habelə ön paneldən ayrılmış mərkəzi tuneldə rast gəlmək olar. Nəhayət, oturacaqlar son zaman dəbdə olan və təkrar emal edilmiş plastik şüşələrdən hazırlanan materiallarla örtülüb.
Kia EV6 GT Line
Seçim üçün beş modifikasiya təklif olunur. Baza Standart Range versiyası 58 kilovat-saatlıq dartma batareyasına və arxa oxda yerləşdirilmiş 170 at qüvvəsi və 350 Nm fırlanma anı hasil edən elektrik mühərrikinə malikdir. Tam ötürməli versiyada iki elektrik mühərriki ümumilikdə 235 at qüvvəsi və 605 Nm fırlanma anı hasil edir. Dolu batareya ilə belə elektrokar müvafiq olaraq 400 və 380 kilometr məsafə qət edir. Long Range versiyası 77.4 kilovat-saatlıq batareya ilə təchiz olunur. Arxa ötürməli versiyanın mühərriki 228 at qüvvəsi və 350 Nm, tam ötürməli versiyanın mühərrikləri isə 325 at qüvvəsi və 605 Nm fırlanm anı hasil edir. Yürüş məsafəsi müvafiq olaraq 510 və 490 kilometrdir.
Kia EV6 GT Line
Bütün versiyaları daha aqressiv kuzov dəstinə, yenidən tənizmlənmiş şassiyə və fərqli sükan mexanizminə sahib olan GT Line versiyasında sifariş etmək olar. Kia EV6 üç rekuperasiya səviyyəsini və sürəti bir pedalla idarə etməyə imkan verən ən səmərəli i-Pedal rejimini təklif edir.
Kia EV6 GT
Model çeşidinin zirvəsində “qaynar” Kia EV6 GT modeli qərarlaşıb. Onun ön elektrik mühərriki 218 at qüvvəsi, arxa mühərriki isə 367 at qüvvəsinə malikdir. Elektrik qurğusunun ümumi hasilatı 585 at qüvvəsi və 740 Nm təşkil edir. Qeyd etmək gərəkdir ki, bu günə qədər Kia modellərində belə rəqəmlər görülməyib! GT versiyası arxa differensial kilidinin elektron təqlidinə və idman rejimini aktivləşdirmək üçün sükan çarxındakı seçilən düyməyə malikdir. EV6 GT modeli 100 km/saat həddini 3,5 saniyəyə toplayır, onun maksimal sürəti isə 260 km/saat təşkil edir. 77,4 kilovat- saatlıq batareya 400 kilometrlik yürüş ehtiyatını təmin edir. Yeri gəlmişkən, avtomobillərin çəkisi 1,8 - 2,0 ton arasındadır.
Kia EV6 GT
E-GMP arxitekturası "ən sürətli" terminallardan (800 voltluq gərginliyi və 350 kilovatlıq gücü olan) enelji yüklənməsini təmin edir. Bu halda, beş dəqiqə ərzində 100 kilometrlik yürüş ehtiyatını bərpa etmək olar. Batareyanın 80 faizinin doldurulması 18 dəqiqə çəkəcəkdir. Bununla birlikdə, 400 voltluq terminallara və məişət elektrik şəbəkəsinə də qoşulmaq mümkündür. Nəhayət, elektrokarın arsenalda tam ölçülü ikinci səviyyəli avtopilot, yəni zolaq saxlama və yol nişanlarını tanıma funksiyaları olan qabaqcıl kruiz kontrol və məsafədən idarə olunan avtoparklayıcı var.
Kia EV6 GT
Kia EV6 elektromobilləri yalnız Cənubi Koreyada istehsal olunacaqdır: daxili bazarda sifarişlərin qəbuluna başlanılıb, satışlara isə iyul ayında start veriləcəkdir. Elektrokarın Avropadakı satışlarına bu ilin payızında başlanmalıdır. Daha sonra elektrokarın ixrac planları açıqlanacaqdır. Ümumilikdə, Kia şirkəti 2026-cı ilə qədər 11 elektrokarı təqdim etməlidir ki, onlardan yeddisi (EV1-dən EV9-a qədər) E-GMP platformasında inşa ediləcəkdir. Qalan dörd avtomobil mövcud olan universal platformalara əsaslanacaqdır.