Bir il bundan əvvəl, Kia şirkəti 2026-cı ilə qədər 11 yeni elektromobilin buraxılmasını nəzərdə tutan strategiyasını təqdim etmişdi. İndi isə, bu strategiyaya yenidən baxılıb: söhbət 2027-ci ilə qədər təqdim ediləcək 14 yeni modeldən gedir.

Əlavə edilmiş üç modeldən ikisi pikap, biri isə "büdcə" elektrokardır. Əldə olan məlumata görə, pikaplardan biri xüsusiləşdirilmiş elektromobil platformasında inşa ediləcəkdir. Digər avtomobil isə inkişaf edən ölkələr üçün nəzərdə tutulub: bu modelin daxili yanma mühərrikli modelin bazasında inşa ediləcəyi istisna olunmur.

Ümumilikdə, Kia şirkəti bu onilliyin sonuna ildə 4 milyon avtomobil satmağı planlaşdırır ki, onların 52 faizi də bu və ya digər formada elektrikləşdirilmiş (adi və qoşulan hibridlər də daxil olmaqla) olacaqdırlar. Eyni zamanda, 1,2 milyon avtomobil isə tamamilə elektrik ötürməsi ilə hərəkətə gələcəkdir.

2030-ci ilə qədər, daha sərt ekoloji normaları və “yaşıl” texnologiyalara yüksək tələbat olan ölkələrdə - yəni, Koreya, Şimali Amerika, Avropa və Çində, - ekologiya dostu olan avtomobillərin payı 78 faizə qədər artmalıdır.

2023-cü ildən başlayaraq, Kia hər il model xəttinə ən azı iki elektromobil daxil etməlidir. Onların ilki dolu batareya ilə 540 kilometr qət edəcək Kia EV9 elektrik krossoveri olmalıdır.

Bu model ilə birlikdə, ümumi AutoMode adı altında toplanmış qabaqcıl elektron yardımçılar kompleksi debüt etməlidir. 2026-cı ilə qədər isə, belə “avtopilot” brendin avtomobillərinin 80 faizində quraşdırılacaqdır.

Bundan başqa, Kia istehsal meydançlarının vəzifələrini yenidən paylaşdıracaqdır. Belə ki, doğma Koreya tədqiqat və işləmələr, habelə bütün dünya üçün avtomobillərin istehsal mərkəzi olacaqdır. Digər ölkələrdəki zavodlarda isə, ilk növbədə, regional maraqlara üstünlük veriləcəkdir.

Məsələn, Avropa və Hindistanda yerli bazarda satılacaq kiçik və orta ölçülü elektrokarlar buraxılacaqdırlar. ABŞ-dakı müəssisələr isə, orta ölçülü krossover və pikapların buraxılmasına cavabdeh olacaqlar. Orta ölçülü yeniliklər gələn ildən başlayaraq Çində təqdim ediləcəklər.

Bununla yanaşı, Kia taksi və başqa xidmətlər üçün xüsusi elektrik nəqliyyatını da istehsal edəcəkdir.İlk zamanlarda, onları Niro kimi mövcud olan modellərin bazasında yaradacaqlar, orta müddətli perspektivdə isə, xüsusiləşdirilmiş skeytbord-platformaya keçiləcəkdir. İlk belə model 2025-ci ildə peyda olmalıdır. Həmin ildən başlayaraq, yeniliklərin hamısı “hava” üzərindən yeniləcək proqram təminatına və opsiyaların ödənişli aktivləşdirməsinə malik olacaqlar.

Bütün bunlarla yanaşı, Kia Hyundai qrupunun aviasiya və robot texnikası ilə əlaqəli olan digər layihələrində də iştirak etmək niyyətindədir.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.