Kia şirkəti K3 GT hetçbekinin üzərindəki sirr pərdəsini götürüb. Üstəlik, şirkət Kia K3 GT modelinin sedan kuzovlu variantını da təqdim edib. Vətənində Kia K3 adı altında satılan hetçbek və sedanlar bizim bazarda Cerato, ABŞ-da isə Forte kimi tanınır.
Eyni zamanda, Kia K3 hetçbeki ənənəvi olaraq Cənubi Koreyada satılmayan Ceed hetçbekini də əvəz etmiş olur. Əslində, K3 hetçbeki heç də Ceed modelinin klonu deyildir – hetçbek 2700 millimetrlik təkər bazasına malikdirlər. Xarırladaq ki, Kia Ceed modelinin təkər bazasının genişliyi 2650 millimetrdir. Qabarit uzunluğuna gəldikdə isə, K3 Ceed modelindən 200 millimetr (4510 millimetr) uzundur. Hər iki model eyni enə malik olsa da, Kia K3 modeli baqaj həcmində “avropalı qardaşını” üstələyir.
Kia K3 hetçbeki hələlik “qaynar” GT modifikasiyasında təqdim edilibdir. Bu o deməkdir ki, “qaynar” hetçbek 204 at qüvvəsi hasil edən 1,6 T-GDI mühərriki ilə hərəkətə gəlir. Kia K3 GT sedanının sahibləri altı pilləli mexaniki qutu və ya yeddi diapazonlu “robot” arasında seçim edə bilərlər . Hetçbek isə yalnız “robot” ilə təklif edilir. Avtomobilin dinamikası barədə məlumat verilməyib.
Texniki cəhətdən GT variantı adi modellərdən Ceed modelindən götürülmüş çoxqollu arxa asqı, “qısa” sükan mexanizmi, böyüdülmüş ön əyləc mexanizmləri, Bilstein amortizatorları, başqa yay və stabilizatorlar ilə seçilir.
Zahiri cəhətdən “qaynar” modelləri orijinal radiator barmaqlığı, 18-düymlük təkər diskləri, kandarlardakı əlavələr və səsboğucu sistemin iki çıxış borusu sayəsində ayırd etmək olar. Salonda isə yaxşılaşdırılmış yan dəstəyinə malik olan oturacaqlar, “kəsilmiş” sükan çarxı, pedalların “metal” örtüyü və ötürmələr qutusunun sükanaltı dəstəkləri quraşdırılır.
Bundan başqa, K3 GT mühərrikin səsini audiosistem vasitəsi ilə gücləndirən Electronic Sound Generator sisteminə də sahib olub. Cənubi Koreyada K3 GT sedanı 17700, hetçbeki isə 19700 dollardan başlayan qiymətlərlə satılır.